Ucqar kəndlərdə 1 manata ev almaq mümkün olacaq?!

17 Sentyabr 2013 08:35 (UTC+04:00)

ABŞ hökuməti İndiana ştatında əhalisi azalan Qeri şəhərinə insanların yenidən üz tutmasını stimullaşdırmaq üçün maraqlı bir addım atmağa hazırlaşır. Belə ki, burada əhalinin sayını artırmaq məqsədi ilə istifadəsiz qalmış evlər bərpa olunur, vətəndaşalara simvolik qiymətlə - 1 dollara satılır. Ancaq həmin evlər 5 il müddətində onu alan insanın şəxsi mülkiyyətinə çevrilmir. Göstərilən dövr ərzində evdə yaşayan şəxs müəyyən təsərrüfat, abadlıq və digər aqrar fəaliyyəti həyata keçirilməlidir ki, mənzilin həqiqi sahibinə çevrilsin.

Ölkəmizdə də bəzi ucqar kəndlərdə və rayonlarda əhalinin sayını artırmaq, həmçinin Bakıda əhali sıxlığını azaltmaq üçün analoji təcrübənin tətbiqi ekspertlər ətərəfindən mümükün sayılır. Düzdür, hələlik kəndlərdə çox ucuz qiymətə satılan evlər tikilmir. Ya da boş qalan evlər belə deyək ki, 1 manata satılmır. Lakin bunu etmək mümkün sayılır. Elə mütəxəssislər də oxşar praktikanı ölkəmiz üçün vacib və məqsədəuyğun hesab edirlər. Bildirirlər ki, bu regionların inkişafı ilə yanaşı, həm də urbanizasiya prosesinin qarşısını almış olar.

İqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, bunu müsbət tərəfi insanların yenidən ora qayıtması üçün təsərrüfatların yaradılmasıdır: "Ucqar kəndlərdə yaşayan insanların daxili miqrasiyaya məruz qalması çoxdan məlumdur. Bu, 1990 - cı illərin ortasından başlayan proses olub. Burada təbii qazın az olması, yol infrastrukturun zəif inkişafı, kommunal xidmətdə şəhərlə kənd arasında çox fərqin olması və ən nəhayət regionlarda işsizlik səbəb olub. Hökumət sərhəd rayonlarda kommunal xidmət haqlarını aşağı səviyyəyə endirərək, eyni zamanda kommunal xidməti yüksək səviyyəyə çatdırmaqla və orada yaşayıb fəaliyyət göstərmək üçün insanların kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olması məqsədilə ucuz və uzun müddətli resurslar verərək bunu stimullaşdıra bilər. Bu tip təcrübə çox vacibdir və yaxşıdır. Çünki, region əhalisinin müəyyən faizi iqtisadi səbəblərdən ölkənin mərkəzi şəhərlərinə üz tutublar. Bu cür təcrübə həyata keçirilərsə, əsasən də aqrar sektorda canlanma müşahidə ediləcək. Bizdə idxal məhsullarının strukturlarına diqqət edəndə təqribən 40%-i kənd təsərrüfatı məhsulları olduğunu görürük. Biz həmişə öyünmüşük ki, 9 iqlim qurşağımız var. Bu iqlim qurşağında istənilən məhsulu istehsal edib bazarlara çıxarmaq mümkündür. Ancaq təəssüflər olsun ki, ərzaq ehtiyacımızda idxalın da payı var".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, söhbət inşa edilib, ancaq istifadəsiz qalan evlərdən gedir: "Həmin evlər istifadə edilmədiyi üçün ABŞ hökuməti evlərin 1 dollara satılması qərarına gəlib. Məqsəd də ondan ibarətdir ki, istifadəsiz qalmış evlər istifadə olunsun".

Ekspertin sözlərinə görə, Azərabcanda da istifadəsiz evlər var: "Bu evlərin bir qismi ona görə istifadəsizdir ki, həmin kəndlərdən köçüblər. Onların bir qismi Rusiyada yaşayır. Müəyyən evlərin sahibkləri isə dünyasını dəyişib. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Bu, birmənalı şəkildə ucqar kəndlərdə insanların məskunlaşmasına imkan yaradacaq. Bu gün problem ondan ibarətdir ki, ucqar kəndlərdə məskunlaşma problemi var. Evlərin ucuz satılması ilə bərabər, ucqar kəndlərdə toraqların pulsuz və ya simvolik qiymətə satılmasının tərəfdarıyıq. Torpaqlar alınan zaman şərt qoyula bilər ki, alan şəxs tərəfindən kənd təsərrüfatı, sənaye məqsədi ilə istifadə olunsun. İstifadə olunmadığı halda isə torpağın geri alınması mümkündür. Alınan evlər həm də təmir olunmalıdır".

Vüqar Bayramovun sözlərinə görə, bu gün Azərbaycanın ucqar kəndlərində istifadə olunmayan evlərin sayı 10 000 - dən artıqdır: "Həmin miqdarda ailənin rayonlarda təmin olunması mümkündür. Eyni zamanda nəzərə alsaq ki, "Regionların inkişafı Proqramı" çərçivəsində ucqar rayonların inkişafı əsas hədəflərdən biridir. O baxımdan bu da birmənalı şəkildə regionların inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda aqrar sektor inkişaf edəcək. Həmçinin də bir sıra xidmət sektorunun inkişafını stiumllaşdıracaq. Çünki, insanların yaşaması xidmət sektorunun inkişafına təsir göstərir".