Natiq Cəfərli: "Yeni bazarların olması fermerlərin, kənd təsərrüfatının inkişafına və gələcəkdə kapital qoyuluşunun artımına təsir göstərəcək"
Ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsulları ekoloji cəhətdən təmiz sayılır. Elə bu səbəbdən həmin məhsulların bir qisminin ixrac olunduğu Rusiya bazaralarında onlara tələb kifayət qədər böyükdür. Ekspertlər isə hesab edir ki, bu məhsulların eyni zamanda Avropaya da ixracı həyata keçrilməlidir. Azərbaycanın ekoloji təmiz məhsullarının Avropa bazarlarında özünə çox asanlıqla yer tapacağı proqnozlaşdırılır. Belə vəziyyət isə həm ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırar, həm də fermerlərin əlavə gəlirlər əldə etməsini şərtləndirər.
Aqrar sahə üzrə ekspert Nizami Qarayev Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: "Azərbaycan məhsulları tam da olmasa, az-çox ekolojı cəhətdən təmiz məhsul hesab oluna bilər. Adətən, zəhərli kimyəvi maddələrin, gübrələrin istifadəsi ilə istehsal olunan məhsullar olduğu üçün bizim məhsulları tam ekolojı cəhətdən təmiz məhsul adlandırmaq olmaz. Laikn buna rəğmən, Rusiayada Azərbaycan məhsulları brend olaraq tanınıb. Amma Avropa bazarlarına bizim kənd təsərüfatı məhsullarının aparılması üçün onların sertifikatlaşması, qablaşdırılması problemləri var. Bu problemlər olduğu üçün məhsullarımız Avropa bazarına çıxa bilmir".
Ekspert qeyd edir ki, Avropa bazarlarına kənd təsərüfatı məhsullarının çıxarılması fermerlə üçün əlavə qazanc hesab edilə bilər: "Azərbaycan fermerlərinin ayrı-ayrı illərdə bəzi məhsulları daha çox istehsal edir. Bu zaman qiymətlər aşağı düşür. Fermer istədiyi kimi məhsulunu satıb,qazanc əldə edə bilmir. Qarpız, alma, üzüm və digər məhsulların qiyməti fərqli illərdə daha ucuz olub. Fermerlər istehsala çəkdikləri xərcdən də ucuz olaraq öz məhsullarını satmağa məcbur qalırlar. Bu da fermer təsərrüfatlarının maddi bazasına təsirsiz ötüşmür. Növbəti illərdə də istehsalın azalmasına səbəb olur. Təbii ki, alternativ bazarlara - Avropa bazarlarına çıxmaq mümkün olarsa, Azərbaycan fermerləri əlavə qazanc əldə etmiş olacaqlar. Əlavə bazarlar hesabına öz gəlirlərini artıra biləcəklər. Ancaq Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmadığı üçün onun məhsulları Avropa bazarında yoxdur. Məhsulların Avropa bazarında olması üçün ən qısa yol Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdır. Lakin Ümumdünya Ticarət Təşkilatına üzv olan halda məsələnin digər tərəfi də var. Əgər bu hal baş verərsə, Avropa ölkələrindən də Azərbaycana məhsullar sərbəst şəkildə gələcək. Bu gün ölkəmizdə kənd təsərrüfatı o səviyyədə inkişaf etməyib ki, o, daxili bazarda Avropa bazarları ilə rəqabət apara bilsin. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması üçün əvvəlcə kənd təsərüfatının əsaslı şəkildə ciddi inkişafına nail olmaq lazımdır".
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edir: "Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxarılması üçün müəyyən sertifikatların alınmasına ehtiyac var. Çünki Rusiya bazarından fərqli olaraq Avropa bazarlarında qaydalar fərqli şəkildə tətbiq olunur. Rusiyada Sanitar-Epidemoloji Stansiya tərəfindən verilən razılıq əsasında ticarət aparmaq mümkündürsə, Avropada qaydalar daha sərtdir. Azərbaycan məhsullarının Avropa bazarına çıxması üçün şərtlər var. Həmin məhsulların qablaşdırılması, üzərində məlumatların yazılması, sertifikatlaşdırılması, yararlılığı və s. haqqında məlumatlar olmalıdır. Bütün bunlar təmin olunmalıdır. Bundan əlavə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv deyil. Rusiya və Avropa ölkələri bütünlükdə Ümumdünya Ticarət Təşkilatına üzvdür. Ona görə Azərbaycan məhsullarının xarici bazarlara çıxardılması çox çətindir. Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasını mümkün etmək və sürətləndirmək üçün Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi həll olmalıdır və bizim məhsulların beynəlxalq standartalara cavab verəcək tərzdə qablaşdırılması, sertifikatlaşdırılması həyata keçirməlidir.
Bütün bunlar fonunda isə yeni bazarların olması fermerlərin, kənd təsərrüfatının inkişafına və gələcəkdə kapital qoyuluşunun artımına təsir göstərəcək. Ən azından gəlirləri artacaq. Gəliri artmış fermerlər yeni texnologiya ilə tanış olmaqda maraqlı olacaq. Və fermerlərin imkanları çatacaq ki, onlardan istifadə etsinlər və daha ciddi biznes, iş aparsınlar. Bu səbəbdən də Azərbaycan kənd təsərrüfatı məhsullarının satış obyektini tək Rusiya ilə məhdudlaşdırmamalıdır. Bu gün bu məsələ çox aktualdır, önəmlidir. Azərbaycan da Avropa bazarlarına çıxmaq üçün yollar aramalıdır".