Cənub qonşumuzun Urmiya gölünün quruması ilə bağlı fəaliyyət və vədləri yenə ciddi narazılıq predmeti olaraq qalır. Hesab edilir ki, gölün qurumasına qarşı İranın atdığı addımlar hansısa ciddi nəticə vermir.
Digər tərəfdən bununla bağlı əslində, hansısa əsaslı iş də görülmədiyi vurğulanır. İranın energetika naziri Həmid Çitçian bildirib ki, Urmiya gölünün bərpası ilə bağlı işçi qrupu yaradılıb: "Bu qrup Urmiya gölü ilə bağlı bundan öncə aparılmış bütün araşdırmalara baxıb və həmin tədqiqatlara əsasən bəzi layihələr həyata keçirilmək üçün hazırlanıb. Eyni zamanda işçi qrupu Urmiya gölünün bərpası üçün elmi mərkəzlərin təqdim etdiyi 30-dan çox təklifi nəzərdən keçirir".
Lakin bu arada İranın Urmiya gölünün qurumasına qarşı vədlərinin heç də reallığı əks etdirmədyiən dair yeni məqamlar üzə çıxıb. Məsələn, məlum olub ki, Ermənistanla İran arasında Urmiya gölünün xilası üzrə heç bir rəsmi razılaşma yoxdur. Ermənistan Təbiəti Mühafizə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Armen Vardanyanın sözlərinə görə, nazirlik nəzdində Su Resurslarının İdarə Olunması Agentliyinin rəhbəri Volodya Narimanyan gölün bərpa edilməsində Ermənistanın dəstəyinə dair İran tərəfindən rəsmi təklif almadığını bildirib.
Agentliyin rəhbəri ötən il iyulun ortalarında İranın ətraf mühit və ekologiya naziri Məhəmməd Cavad Məhəmmədzadənin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfəri zamanı da bu məsələnin müzakirə olunmadığını bildirib. Halbuki, bundan əvvəl İranın hökumətyönlü "Tasnim" xəbər agentliyi bildirmişdi ki, İran Urmiya gölünün xilası üçün Ermənistanın su mənbələrindən istifadə barədə rəsmi İrəvanla razılığa gəlib. Digər tərəfdən xatırladaq ki, Urmiya gölünün xilası yeni prezident Həsən Ruhaninin seçki kampaniyası zamanı səsləndirdiyi vədlərdən biridir. İran vise-prezidenti, Ətraf Mühiti Mühafizə Departamentinin rəhbəri Məsumə Ebtekar isə qeyd edib ki, hökumət Şərqi və Qərbi Azərbaycan ostanlarında yerləşən duzlu gölün xilas edilməsi planına malikdir: "Nazirlər Kabinetinin ilk iclasında Urmiya gölünün xilas edilməsi planı ratifikasiya olunub. Bu planın icrası Energetika Nazirliyi və nazir Həmid Çitçiana həvalə edilib". Xanım Ebtekar deyib ki, onun rəhbərlik etdiyi qurum suyu çəkilən gölün əvvəlki durumuna gətirilməsinədək məsələni qiqqət mərkəzində saxlayacaq.
"Tasnim" agentliyi xatırladır ki, bundan əvvəl İran Urmiya gölündəki suyun əvvəlki səviyyəsinə çatdırılması üçün Araz çayı sularının yarısının bu gölə axıdılmasını planlaşdırırdı. Agentliyin məlumatında deyilir ki, Azərbaycan Respublikasının belə planlara etirazından sonra İran suyun Ermənistandan gətirilicəyi barədə razılığın əldə olunduğunu bildirib. İndi isə rəsmi İrəvan Tehranla bu sahədə heç bir razılaşmasının olmadığını söyləyir.
Xatırladaq ki, Urmiya gölünün quruması ilə əlaqədar onun sahillərinin azərbaycanlıların yaşadığı hissəsindəki şəhərlərdə etirazlar aksiyaları keçirilmiş və bu hadisə ekoloji və iqtisadi mahiyyətli problemə siyasi çalarlar qazandırmışdı. İsveçdə yaşayan və əslən İrandan olan azərbaycanlı hüquqşünas Saleh Kamrani BBC-yə bildirib ki, Urmiya gölü ilə bağlı problemin mövcudluğu çoxdan bəllidir. Onun sözlərinə görə, hakimiyyət bundan əvvəl də bu problemi çözmək üçün fəaliyyət göstərəcəyini vəd etmişdi. Konkret olaraq bildirilmişdi ki, Urmiya gölünü qidalandıran çayların üzərindəki bəndlərin bir çoxu ləğv ediləcək, lakin bu tədbirlər həyata keçirilməyib.
Başqa bir təklifə görə Urmiyaya su Xəzərdən gətirilməli idi. Lakin bu layihənin 10 milyard dollardan bahaya başa gəlməsi onu gündəmdən çıxarıb. Cənab Kamrani deyir ki, bütün bunlara baxmayaraq, hələlik heç bir konkret addım atılmayıb və güman edir ki, Ermənistanla birlikdə görüləcək tədbirlər barədə xəbərlər Tehranın bir daha Araz çayı layihəsinə qayıdışı kimi görünür. O xatırladır ki, Urmiya gölünün probleminin həlli yeni prezident Həsən Ruhaninin azərbaycanlı seçicilərə verdiyi bir neçə vəddən biridir. Onun fikrincə, hazırda bu məsələnin gündəmə gətirilməsi potensial yeni etirazların qarşısının alınması üçün atılmış önləyici addım təsiri bağışlayır.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub.