Milli Şura Rüstəm İbrahimbəyovun ardınca Cəmil Həsənlinin böyük fiaskosu ilə üzləşdi

19 Sentyabr 2013 11:06 (UTC+04:00)
Təşviqat kampaniyası çərçivəsində Milli Şuranın alternativ namizədinin də yalanları üzə çıxdı. İctimai Televiziyada keçirilən Azərbaycan prezidentliyinə namizədlərin debatında prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Cəmil Həsənli ilə bağlı konkret sənəd nümayiş etdirərək onun təqaüdə çıxması məsələsinin müəmmalı olduğunu açıqldı. Belə ki, səlahiyyətli nümayəndə Azərbaycanda təqaüdə çıxma yaşının 63 olduğu halda, Cəmil Həsənlinin hələ 2 il əvvəl 59 yaşında rəsmən təqaüdə çıxdığını və keçmiş millət vəkili kimi ayda 2 min manat təqaüd aldığını deyib: "Müvafiq qurumlar Cəmil Həsənlinin rəsmi sorğusuna cavab verib və məlum olub ki, o, xəstəliyi ilə əlaqədar olaraq 2011 – ci ilin 22 iyun tarixindən təqaüdə çıxıb. Cəmil Həsənlinin təqdim etdiyi arayışda onun yaxşı görmədiyi qeyd edilir. Amma indiyə qədər onu eynəkdə görən olmayıb. Bu isə onu deməyə imkan verir ki, Cəmil Həsənli dövlət qurumlarını aldadıb. 3 – cü qrup əlildir. Əlillik iş qabiliyyətini itirmək deməkdir. Onun təqdim etdiyi arayışda yüngül, az iş saatı olan işdə işləməsinin mümkünlüyü vurğulanıb".

Qarşı tərəf isə sanki deyilənlərlə barışaraq Əli Əhmədovun söylədiklərinə münasibət bildirməyib. Belə ifşa cəmiyyətdə də rezonans doğurub. Çünki, əlil prezident ola bilərmi, yaxud da əlil deyilsə, o sənədi necə düzəldib kimi suallar ziddiyyət şəkildə ortaya çıxır. Xatırladaq ki, Milli Şura sədri Rüstəm İbrahimbəyovun da

dəfələrlə yalanları üzə çıxarılıb. Onun ikili vətəndaş olması, hətta 3–cü dövlət qarşısında da öhdəliyinin olması və dəfələrlə vəd verməsinə baxmayaraq Azərbaycan gəlməməsi bunu deməyə əsas verir. Bu fonda hadisələrə münasibət bildirən "Vəhdət" Partiyasının sədri, hüquqşünas Tahir Kərimli qeyd edir ki, sən kimisə ittiham edirsənsə, ilk növbədə özünə nəzər yetirməlisən: "Sən kimisə ittiham edə bilərsənmi? Məsələ ondan ibarətdir ki, gərək özün də düz olasan ki, heç olmasa, kimdənsə nəsə düzlük tələb edəsən. Sən bilirsən ki, vaxtından əvvəl pensiyaya çıxmısan. Əgər 3-cü dərəcəli əlilsənsə və yazılıb ki, sən məhdud işlə məşğul ola bilərsən, belə bir vəziyyətdə niyə prezidentliyə iddia edirsən? Sən tibbi cəhətdən buna hazır deyilsənsə, icazə verilmirsə, niyə ölkə rəhbərliyi kürsüsünə can atırasn? Yaxud da sən sağlamsansa, necə olur ki, əlillik dərəcəsi almısan? Deməli, sən deputat səlahiyyətindən istifadə etmisən. 10 il deputat olanda belə aqressiv olmadın. Nə dəyişdi ki, birdən-birə kənarda qalan kimi müxalifətçi oldun?! İnsan özünün keçmişinə fikir verər. Bilmirdin ki, sənin kitablarına, şəxsiyyətinə diqqət edəcəklər? Bunları və artığını ortalığa çıxaracaqlar. Ona görə də dürüst olmaq lazım idi".

Tahir Kərimli əlavə etdi ki, elə Rüstəm İbrahimbəyovun sonuncu müsahibəsi də müxalifəti təhqir etdi: "O, müxalifəti savadsızlıqda, qanunu bilməməkdə, bir – biriləri ilə yola getməməkdə təhqir etdi. Amma müxalifət Rüstəm İbrahimbəyovu ikili vətəndaşlığını onlara deməməkdə, vədlərini yerinə yetirməməkdə, digər yalan danışmaqda günhalandırmağa cürət edə bilmədi. Ümumiyyətlə, müxalifət liderlərinin heç bir sözü özünü doğrultmayıb. Ona görə də debatda söylənilənlərin hamısı məntiqli və gözlənilən idi. Yəni, Milli Şuranın rəhbərliyi qeyri-səmimi mövqe tutub".

Partiya sədri bildirdi ki, o, istənilən halda özündə əlillik olduğunu deyə bilər: "Ancaq sənin həqiqətən də əlilliyin varsa, prezidentlik iddiası məntiqli görünmür. Məntiqə görə, prezidentliyə namizdəlikdən imtina etməlidir. Yox, əgər bu sənədin saxta olması üzə çıxsa, bu, birbaşa cinayət hadisəsidir. Ona görə burada yalandan ona əlillik verən komissiya üzvləri də məsuliyyətə cəlb olunmalıdır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə, professor adını daşıyan, uzun müddət Azərbaycan elminə xidmət etmiş bir insanın belə bir saxtakarlığa yol verməsi utanc gətirən hadisədir: "Professor ola-ola dövlətini aldatması azmış kimi, üstəlik ölkə başçısı olmaq iddiasındadır. Əgər Cəmil Həsənli əlildirsə, onu açıq şəkildə etiraf etməlidir ki, mən iş qabiliyyətini yerinə yetirə bilməyən əliləm. Bu faktın ikisindən biri dəqiqdir. Bu adam ya dövlət qurumlarını aldadır. Ya da əlildirsə, prezident olmaq iddiasına necə düşə bilər? ".

Niyaməddin Orduxanlı bildirdi ki, Cəmil Həsənli İsa Qəmbərin, Əli Kərimlinin təsirinə düşüb: "Artıq bu insan öz ziyalı missiyasını unudaraq, Əli Kərimli kimi danışığının fərqinə varmır. Ziyalının siyasət adamlarının girovuna çevrilməsi təəssüf hissi doğurur. Bu şəxs açıq şəkildə prezidentliyə namizdələr haqqında aşağılayıcı fikirlər bildirdi. Təbii ki, həmin fikirlər adekvat olaraq özünə də aiddir. Ancaq Rusiya kimi Azərbaycana düşmən olan ölkənin təşəbbüsü ilə yaradılan Milli Şuradan irəli sürülən Cəmil Həsənli xalqın heç 1% səsini toplamayacaq".