ÜTT ilə kənd təsərrüfatı ziddiyyəti hələ də çözümünü tapmayıb

19 Sentyabr 2013 17:21 (UTC+04:00)

Ruslan Atakişiyev: "Azərbaycanda bu gün kənd təsərrüfatı dövlət tərəfindən xüsusi idarə olunan bir iqtisadi sferadır"



Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqlar çərçivəsində Argentina Azərbaycanla ikitərəfli danışıqlara başlamaq istəyini bildirib. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Xəzər-Avropa İnteqrasiya İşçi Klubuna (CEIBC) üzv şirkətlərlə görüş zamanı bildirib. O da məlum olub ki, ÜTT-yə üzvlük üçün Azərbaycan ikitərəfli  danışıqlar apardığı ölkələrin siyahısını genişləndirib. Lakin buna baxmayaraq, hələ də ölkəmizin nə  zaman ÜTT-yə daxil olacağı bəlli deyil. 

İqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə əlaqədar Mövqe.az-a verdiyi açıqlamada deyib: "Ümumiyyətlə, Azərbaycan Ümudünya Ticarət Təşkilatına üzv olmaqda maraqlı ölkədir. Amma Azərbaycanın 1997-ci ildə müraciət etməsinə baxmayaraq, hələ də ÜTT ilə bağlı aparılan danışıqlar  ölkəmizin sözügedən quruma üzv olmasının reallaşmasına imkan vermir. Bütün hallarda isə Azərbaycanla ÜTT arasında aparılan danışıqların məhz son illər intensivləşməsi müşahidə olunur. Buna rəğmən, Azərbaycan ikitərəfli və çoxtərəfli danışıqlarda tam olaraq məsələ ilə bağlı razılaşma əldə edə bilməyib. Azərbaycanla ÜTT arasında aparılan çoxsaylı danışıqlarda problemli cəhətlərdən  biri onun ÜTT-yə inkişaf etməkdə olan bir ölkə kimi daxil olmaq niyyətidir. Nəzərə almaq lazımdır ki, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələrin  bütövlükdə ÜTT-yə qəbul şərtləri eynidir. Digər əsas məsələ isə, təbii ki, aqrar sektorda subsidiyaların həcmi ilə əlaqədardır. Çox təəssüf ki, Azərbaycanda aqrar sektora subsidiyalarda məhdudiyyət 10%-dir. Ümumdünya Ticarət Təşkilatında məhdudiyyət isə 5% təşkil edir ki, bu da Azərbaycan üçün birmənalı şəkildə aqrar sektorun inkişaf etməsi baxımından əhəmiyyətli bir məqamdır. Bu məsələlərlə yanaşı, dövlətlərlə ikitərəfli danışıqların aparılması müşahidə olunur. Bu sahədə ciddi addımlar atılır. İkitərəfli danışıqların Azərbaycana gətirdiyi əhəmiyyətli dividendlərdən biri Avropa ölkələri, o cümlədən ABŞ-la razılığın əldə edilməsidir. Bu, digər ölkələrlə də razılığın əldə edilməsini xeyli sürətləndirəcək. Lakin hələ də prosses tamamlanmayıb". 

Ekspert ÜTT-yə üzvlüyün Azərbaycana gətirəcəyi üstünlüklərdən də danışıb: "Təbii ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daha tez üzv olması məqsədəuyğundur. Azərbaycanın ÜTT-yə üzv olması birinci olaraq, qeyri-neft sektorunun inkişafı üçün  yeni bazarların yaranmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, qonşu ölkələr, o cümlədən Rusiya bazarı Azərbaycan üçün əhəmiyyətli bazarlardan biridir, o baxımdan təbii ki, Azərbaycanın ÜTT-yə daha tez üzv olması məqsədəuyğundur və bu Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsinə gətirib çıxara bilər ".  

Iatisadçı-ekspert Ruslan Atakişiyev isə Mövqe.az-a verdiyi açıqlamada bildirib: "Qeyd edək ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması bu təşkilatın üzvü olan ölkələrlə eyni səviyyədə əmtəə və ticarət xidmətlərinin mübadiləsinin asan modelini əldə etmək imkanını qazandırır. Bu prossesin uzanmasının bir sıra səbəbləri var. Belə ki, Azərbaycanın ÜTT-yə daxil olması sahəsində həlli vacib olan bir sıra məsələlər var. Bunlardan biri də kənd təsərrüfatının subsidiyalaşması məsələsidir. Azərbaycanda bu gün kənd təsərrüfatı dövlət tərəfindən xüsusi idarə olunan bir iqtisadi sferadır. Azərbaycan ÜTT-yə daxil olduqdan sonra bizim daxili kənd təsərrüfatı istehsalımızın çox ağır vəziyyətə düşməsi ehtimalı var. 

Azərbaycanın ÜTT-yə daxil olması prossesinin uzanması bir sıra məsələlərin də gələcəkdə çətinləşməsinə gətirib çıxaracaq. Bu da onunla bağlıdır ki, mütəmadi olaraq, danışıqlar gedir. Bu danışıqlar nəticəsində bir sıra yeni qərarlar qəbul olunur ki, ÜTT-nin şərtlərinə görə də həmin o danışıqlarda əldə olunan razılaşmaların əksəriyyəti  dünya ölkələrinin hamısına  şamil olunur.

Bir də ki, getdikcə ÜTT-yə daxil olma prossesinin ağırlaşmasına gətirib çıxardır. Ona görə də bu sahədə daha sürətli islahatlar aparılmasına ehtiyac var. Çünki, Ümumdünya Ticarət Təşkilatına daxil olmaqla  qanunvericilikdə bir sıra islahatların aparılmasına  ilə bağlı şərtlər qoyulmuşdur. 

Hesab edirəm ki, ümumilikdə ÜTT-yə daxil olmaq Azərbaycanda rəqabət şəraitinin daha da möhkəmlənməsinə və Azərbaycan sahibkarının, investorlarının xarici ölkələrə investisiya yatırması imkanlarının genişlənməsinə, o cümlədən də xarici investorlarla iş adamlarımız arasında adekvat olaraq iş görülməsi baxımından yüksək nəticələrin əldə edilməsinə gətirib çıxaracaq. Həmçinin də bu prosses Azərbaycan istehlakçısının ucuz və keyfiyyətli məhsulla təmin olunmasına imkanlar yaradacaq ".