BŞYPİ sabahdan avtobus sürücüləri arasında kütləvi reydlərə başlayacaq-Eksklüziv

20 Sentyabr 2013 14:00 (UTC+04:00)
Bakı Şəhər Yol Polisi İdarəsi avtobus sürücülərinin törətdiyi ağır yol qəzalarının qarşısının alınması və avtobus sürücüləri arasında nizam-intizamın artırılması məqsədilə sabahdan kütləvi reydlərə başlayacaq. Bu məlumatı Movqe.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov verib. V. Əsədov bildirib ki, reydlər zamanı avtobus sürücülərinin sürücülük vəsiqələrinin və avtobus idarə etmək üçün yaş həddinin və təcrübəsinin uyğun  gəlib-gəlmədiyi də araşdırılacaq. V. Əsədov reydlər zamanı qaydaları pozaraq sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını təhlükə altında qoyan sürücülərin qanuna müvafiq şəkildə heç bir güzəşt edilmədən cəzalandırılacağını söyləyib.