Bakıda baş verən dəhşətli avtobus qəzasının təfərrüatları (FOTO)

20 Sentyabr 2013 14:36 (UTC+04:00)

Sürücü dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün qəzaya uğrayıb

Hadisə  Bu gün səhər saatlarında Şıxov yolunda qəzaya uğrayan 120 saylı, 10 TF 869 dövlət nömrə nişanlı avtobus Bakı şəhərində fəaliyyət göstərən "Transqeyt" MMC-yə məxsus olub. 


Şirkətin şöbə müdiri Nurəddin İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində avtobusun sürücüsü, 1973-cü il təvəllüdlü Füzuli Əziz oğlu Haqverdiyev və avtobusda olan sərnişinlərdən bir kişi dünyasını dəyişib. Qəza nəticəsində 5 nəfər ağır yaralanıb. Lakin hadisə şahidləri ANS PRESS-ə açıqlamalarında qəzada 9 nəfərin yaralandığını deyir. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Hadisə yeirndə olan ANS PRESS-in müxbirinin verdiyi məlumata görə, qəzadan öncə 120 saylı avtobusun qarşısında evakuator olub. Sürücü ara məsafəsi saxlamayıb. Evakuator qəfil dayanıb və nəticədə avtobusun sürücüsü dönmək istəyib. Lakin dönmə əməliyyatını düzgün yerinə yetirməyib və avtobus yoldan çıxıb. Avtobus beton çəpəri aşaraq, ağaca çırpılıb. Nəticədə avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Sürücü və öndə dayanan sərnişin hadisə yerində ölüb.


Nurəddin İsmayılovun sözlərinə görə, sürücünün sürücülük vəsiqəsi D kateqoriyalı olub. Avtobus dünən təmirdən çıxıbmış. Avtobusda heç bir texniki nasazlıq olmayıb. Sürücü də peşəkar olub və səhhətində heç bir problem olmayıb. Sürücü dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün qəzaya uğrayıb.