Əli Abbasov: "Nömrə daşınma xidməti gələn aydan işə düşəcək"-VİDEO
20 Sentyabr 2013 18:17 (UTC+04:00)
Azərbaycanda mobil operatorların nömrə daşınması
xidmətini tətbiq edəcəkləri yeni tarix
açıqlanıb. Mobil nömrələrin daşınması
sistemi avqustun birindən işə düşməli olsa da, gələn aydan tətbiqi
gözlənilir. Ləngiməyə görə aparılan araşdırmaların nəticəsində
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi operatorları
məhkəməyə verə bilər. Movqe.az xəbər verir ki, bunu jurnalistlərə
açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov deyib: ""Söz verirlər ki, artıq oktyabrdan işləməyə
başlayacaqlar. Biz də onlara uyğun yardımları edirik, amma qəbul
etdiyimiz qərar ki, avqustun 1-dən işləməli idi, o sual hələ açıq
qalır, araşdırmalar gedir. Əgər xidməti araşdırmalar nəticə
verməsə, məhkəməyə müraciət olunacaqdır". Mobil operatorların daşınması sistemi nazirliyin
məlumat hesablama mərkəzi tərəfindən koordinasiya olunacaq.
Xidmətin işə salınması ilə bağlı artıq hər üç operatorla müqavilə
bağlanıb. Nömrələrin daşınma xidməti mobil operatorların şəbəkələri
daxilində ödənişsiz olacaq. Xidmət data-kartlar üçün nəzərdə
tutulmuş nömrələrə şamil edilməyəcək. Xidmətdən üç ayda yalnız bir
dəfə istifadə etmək mümkün olacaq.