Icbari tibbi siğorta ilə bağlı daha bir ziddiyyət üzə çıxdı

24 Sentyabr 2013 17:41 (UTC+04:00)

Vüqar Bayramov: "Icbari tibbi siğortanın tətbiqinin yubanması bu siğorta növü ilə bağlı bir sıra məsələlərin açıq qalması ilə əlaqədardır"



Azərbaycanda icbari tibbi siğortanın tətbiqinin gecikməsi məsələsi dəfələlərlə gündəmə gətirilməsinə baxmayaraq, bu məsələ hələ də öz həllini tapmayıb. Problemin səbəbləri isə müxtəlifdir.  Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev daha bir səbəb kimi icbari tibbi siğorta ilə məşğul olan şirkətlərin az olmasının göstərib: "Hazırda icbari tibbi sığortanın tədbiqi üçün bütün şərait yaradılıb. Sadəcə, bir sıra problemlər mövcuddur. İcbari tibbi sığortanın tədbiqini əngəllyən ən başlıca problem ölkədə bu sistemi həyata keçirə biləcək sığorta şirkətlərinin kifayət qədər olmamasıdır. Belə şirkətlərin yaranıb formalaşması 1-2 il ərzində baş tuta bilər və bu da icbari tibbi sığortanın respublikada tədbiqinə şərait yaradar". Şirkətlərin bu işdə marağının nə səbəbdən az olmasının səbəbləri ilə bağlı araşdırma apardıq.


Siğorta üzrə eksperti Xəyal Məmmədxanlı Mövqe.az-a verdiyi açıqlamada deyib: "Bu, tamamilə yanlış fikirdir. Azərbaycanda siğorta şirkətləri icbari  tibbi siğortanı həyaat keçirməyə 10 il bundan əvvəldən razıdırlar və hazırdırlar. İcbari tibbi siğortanın həyata keçirilməsi çox sadə bir mexanizmdir. Burada siğorta şirkətləri üçün heç ciddi bir problem yoxdur. Sadəcə, tibbi siğortanın gecikməsində ən böyük problem, mənim fikrimə görə, dövlət büdcəsindən müvafiq ayırmaların aparılması və bu ayrılan pulların tibb müəssisələri və siğorta şirkətləri arasında paylanması, yaxud da ödənilməsinin dövlət tərəfindən müəyyən edilməsidir. Yəni, tutaq ki, bu gün bir vətəndaş xəstəxanaya müalicə olunmağa getsə, onun pulunun siğorta şirkətindənmi, dövlət büdcəsindənmi, işə götürən tərəfindənmi ödəniləcəyi məlum deyil. Amma siğorta şirkətlərinin özü bu sistemi aparmağa çoxdan hazırdırlar. Çünki, bu çox sadə bir prosesdir. Sadəcə olaraq,  şirkətlərə icbari tibbi siğortanı aparmaq üçün lisenziya verilməlidir. Şirkətlər də aldıqları bu lisenziyanın müqabilində müraciət edənləri müvafiq xidmətlərə yönəldəcəklər, müayinə və müalicəsini təşkil edəcəklər və s. Sadəcə, problem dövlət büdcəsindən pulun necə ayrılacağı, bu pulun müəssisələrə necə yönəldiləcəyi və eyni zamanda bunların xüsusi nəzarəti, qeydiyyatının necə aparılacağı ilə bağlıdır.  Yəni, bu, siğorta şirkətləri ilə bağlı problem deyil". 

Iqtisadçı-ekspert Vüqar Bayramov isə məsələ ilə bağlı  Mövqe.az-a verdiyi açıqlamada bu gün Azərbaycanda bütün siğorta şirkətlərinin icbari tibbi siğortanı həyata keçirmək üçün  imkanları olduğunu bildirib:

"İcbari tibbi siğortanın gecikməsi siğorta şirkətlərin azlığı ilə bağlı deyil. Xüsusilə də, nəzərə alsaq ki, bu gün mövcud olan siğorta şirkətlərinin hamısının icbari siğortanı həyata keçirməyə səlahiyyətləri və hüquqları yoxdur. Bu baxımdan, icbari tibbi siğorta haqqında qanun qəbul edilərsə, icbari tibbi siğorta yalnız konkret olaraq müəyyən şirkətlərə tapşırılmazsa, onda bu gün bütün şirkətlərin icbari tibbi siğortayla məşğul olmağa imkanları var. O baxımdan icbari siğorta ilə məşğul olan şirkətlərin sayının az olması icbari siğortanın gecikməsinin səbəblərindən biri kimi qiymətləndirilə bilməz. Təbii ki, ümumiyyətlə, sırf tibbi siğorta ilə məşğul olmaq istəyən siğorta şirkətlərinin sayı nisbətən azdır. Bu, onunla bağlıdır ki, bu gün həm tibbi siğorta, həm də həyat siğortası siğorta şirkətləri üçün bahalı hesab olunur. Bu mənada şirkətlər tibbi siğorta ilə məşğul olmaqda maraqlı deyillər. Eyni zamanda xəstəxanaların siğorta şirkətləri ilə münasibətlərinin tam olaraq qurulmaması nəinki icbari, həm də könüllü siğortanın tətbiqinə müəyyən əngəllər yaradır. Amma icbari tibbi siğortanın tətbiqinin yubanması bu işlə məşğul olmaq istəyən siğorta şirkətlərinin azlığından daha çox, məhz bu siğorta növü ilə bağlı bir sıra məsələlərin açıq qalması ilə əlaqədardır. Məsələn, ödəniləcək icbari siğorta haqqlarının tam olaraq müəyyənləşdirilməməsi, icbari siğorta haqqının işçilərdən, ya əmək haqqı fondundan ödəniləcəyi ilə bağlı məsələlərin açıq alması və s. Eyni zamanda nəzərə almaq lazımdır ki, icbari tibbi siğorta dövlət üçün bir öhdəlikdir və  əhali üçün tibbi siğorta haqqlarının ödənməsi dövlət tərəfindən həyata keçirilir. O baxımdan işləməyən və ünvanlı sosial yardım alan vətəndaşların siğortalanmasında dövlətin rolunun necə olacağı məsələsi də açıq olaraq qalmaqdadır. Bütün bunlardan da göründüyü kimi, icbari tibbi siğortanın tətbiqinin gecikməsinə xeyli texniki səbəblər var".