Azərbaycanda təkcə bu il 500 nəfərə yaxın insan QİÇS-ə yoluxub

24 Sentyabr 2013 18:30 (UTC+04:00)

"2013-cü ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 303 nəfər təşkil edib. Bu günə olan rəqəm isə 450-500-ə yaxındır". Bu sözləri  Movqe.az-a eksklüziv olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova verib. E. Alməmmədova bildirib ki, İİV-infeksiyası/QİÇS problemi dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemi kimi qalmaqdadır: "Azərbaycanda da İİV-infeksiyası problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. 2013-cü ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 303 təşkil edib. Qeydiyyata alınmış 289 Azərbaycan vətəndaşından 178-i (61,6%) kişi, 111-i (38,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşların sayı 101 nəfər olub. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2013-cü ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4087 nəfər rəsmi qeydiyyata götürülüb".