Azərbaycanda 6 ayda 14 nəfəri əcnəbi vətəndaşda QİÇS aşkarlanıb

25 Sentyabr 2013 14:42 (UTC+04:00)

Bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanlardan 289-u (95,8%) Azərbaycan vətəndaşı, 14 nəfəri (4,2%) isə əcnəbi vətəndaşlardır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanın Movqe.az-a eksklüziv olaraq verdiyi xəbərə görə, qeydiyyata alınmış 289 Azərbaycan vətəndaşından 178-i (61,6%) kişi, 111-i (38,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşların sayı 101 nəfər olub: "Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2013-cü ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyasına görə qeydiyyata götürülənlərdən 3944 nəfəri (96,5%) Azərbaycan vətəndaşı, 143 nəfəri (3,5%) isə əcnəbilərdir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3101-i (78,6%) kişi, 843-ü (21,4%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1231 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1214 nəfərdir".