Jurnalistlər üçün təlim başlayıb

26 Sentyabr 2013 13:04 (UTC+04:00)
ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurasının əməkdaşlığı və USAİD Azərbaycan təşkilatının maliyyə yardımı ilə Qubada jurnalistlər üçün insan alveri və məcburi əmək hallarının araşdırılması üzrə təlim kursu təşkil edilib. Proqram 2 gün davam edəcək. Təlimçilər Serbiyadan olan sahə üzrə mütəxəssis Stevan Dojçinoviç və amerikalı araşdırmaçı jurnalist Codi Makfilips olub. Eyni zamanda Azərbaycan DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən Samir Qarayev, Azərbaycan Miqrasiya Mərkəzindən Vəsilə Əhmədova, Təmiz Dünya İctimai Birliyindən Mehriban Zeynalova, Azərbaycan Uşaqlar Birliyindən Dadaş Əhmədov təyin edilmiş mövzu haqqında jurnalistlərlə öz təcrübələrini bölüşüblər. Təlimin ilk günündə insan alveri və məcburi əməyin istismarı müxtəlif formalarda izah olunub. ATƏT-in nümayəndələri insan alveri ilə mübarizə haqqında beynəlxalq və yerli qanunları müzakirə edib. İnsan alveri ilə mübarizə üzrə yerli QHT–lərin təmsilçiləri isə bu sahədə olan fəaliyyətləri təsvir ediblər.