Azərbaycanda Həcc ziyarətinin qiyməti 150 manatadək bahalaşıb-Özəl

26 Sentyabr 2013 18:19 (UTC+04:00)

Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarların ilk reysi oktyabrın 3-də yola salınacaq. Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun Movqe.az-a verdiyi məlumata görə, Həcc ziyarəti oktyabrın 3-dən başlayacaq və 8-dək davam edəcək: " Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvar Həcc ziyarətinə gedəcək".

QMİ səlahiyyətlisi bildirib ki, artıq bütün təşkilati işlər başa çatıb, bütün qruplara rəhbərlər təyin edilib: "Həmçinin son vaxtlar Səudiyyə Ərəbistanında yayılan virusla bağlı hazırlıq işləri də görüb. Belə ki, zəvvarların həmin virusa yoluxmaması üçün onlara peyvəndlər vurulub və müəyyən maarifləndirici tədbirlər görülüb. Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçiriləcək. Zəvvarlara reyslər birbaşa təşkil olunub".

M. Payızov Səudiyyə Ərəbistanında tutulacaq otellərin və kirayə götürüləcək çadırların qiymətinin bahalaşmasının Azərbaycanda da Həcc qiymətlərinə təsirsiz ötüşmədiyini söylədi: "Qiymətlər bahalaşdığından Azərbaycanda da Həcc qiymətlərində 150 manatadək artım oldu".

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacaqları hotellərdən asılı olaraq qiymətlərə görə iki variantda xidmət təqdim olunur. Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlar 8 nəfərlik otaqda, ümumi xərci 4100 manata başa gələnlər isə 4 nəfərlik otaqda yerləşəcəklər. Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir.  Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın "France Air" aviaşirkəti təşkil edir.