Havaların tez-tez kəskin dəyişməsi, bəzən isə olduqca soyuq keçməsi artıq bəzi evlərdə isinmək üçün qaz sobalarının yandırılması ilə müşahidə olunur. Qarşıdakı günlər ərzində aydındır ki, isinmək üçün vətəndaşlar tərəfindən daha çox qaz istehlak olunacaq. Bu isə hər ilin payız və qışında özünü göstərən ənənəvi problemin qabarmasına gətirib çıxaracaq. Söhbət dəm qazından zəhərlənmələrdən gedir.
Artıq indidən əsas etibarı ilə vətəndaşların səhlənkarlığı üzündən də belə hallar qeydə alınır. Artıq sentyabrın 22-də Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbə sakini Rasif Nadirov və onun arvadı Sevinc evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Xatırladaq ki, ötən il təkcə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına dəm qazından zəhərlənmə ilə bağlı olaraq 1709 nəfər müraciət edib. Onlardan da 974 nəfər hospitalizasiya olunub. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq analoji vəziyyətin cari il ərzində də davam etməsi gözlənir. Əsas səbəb isə bir sıra ənənəvi problemlərin hələ də həllini tapmamasıdır. Qeyd edək ki, hər il qabaqlayici tədbirlərin görülməsi, abonentlərin maarifləndirilməsi üçün əhaliyə xəbərdarlıqlar edilir, videoçarxlar yayılır. Bütün bunlara baxmayaraq dəm qazından zəhərlənmə halları aradan qalxmır. Qış fəsli yaxınlaşdıqca insanlarımızın bununla bağlı narahatlığı artır ki, bu da başadüşüləndir. Onu da bildirək ki, ənənəvi olaraq hər il noyabrın 15-də qış vaxtına keçidlə əlaqədar gündəlik təlabata uyğun əhaliyə verilən təbii qazın həcmi artırılır.
Mütəxəssislər dəm qazını "sakit qatil" adlandırırlar. Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin təxminən 40 faizi yeni təmir olunan, qapıları və nəfəslikləri plastik-paket tipli hazırlanaraq kip bağlanan, havadəyişmə üçün yer saxlanılmayan hamam otaqlarında baş verir. Qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq, hamam otaqlarının qapılarında havadəyişmə üçün 0,02 kvadrat metr sahədə dəlik və yaxud jalüz olmalıdır ki, otaqdan işlənmiş hava və ona qatışıq olan dəm qazının tam şəkildə çölə çıxması təmin edilsin. Otağa təmiz havanın daxil olmasına imkan yaradılmadıqda yanma prosesi də natamam olur və qazın tərkibində olan maddələrin bir qismi otaqda qalır. Bu isə insan həyatı üçün çox böyük təhlükə yaradır.
Araşdırmalar göstərir ki, Azərbaycanda verilən qazın tərkibi dünya standartlarına, Azərbaycanın özünün mövcud standartlarına uyğundur. Dəm qazı problemini yaradan ümdə səbəblərdən biri isə obyektlərdə və yaşayış sahələrində müxtəlif növ məişət qaz cihazlarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməməsindən qaynaqlanır. Qeyri-standart sobalardan istifadə olunması da vəziyyət ətsirsiz ötüşmür. Həmin sobaların vaxtında təmizlənməməyi, hamamda qapıların içəri açılması, qazın normal yanmamağı da zəhərlənmələrə yol açır. Belə halları minimuma endirmək üçün mənzillərdə standartlara uyğun sobaların quraşdırılmasına diqqət yetirmək gərəkdir. Bildirilir ki, uyğunluq sertifikatı olmayan qızdırıcı cihazların alınması vətəndaşlar üçün əsil təhlükə mənbəyidir. İndiyə qədər olan təcrübə isə göstərir ki, daha çox İrandan gətirilən qaz sobaları standartlara uyğun gəlmir. Bir sıra sahibkarlar üçün belə məhsulun keyfiyyəti deyil, onun ucuz başa gəlməsi daha önəmlidir. Məhz bu səbəbdən İrandan Azərbaycana təhlükəsizlik klapanları olmayan qaz sobalarının əvvəlki illərdə gətirilməsi halların arast gəlinib. Bu il də analoji halın təkrarlanmasına cəhdlər olacağı şübhə doğurmur. Onu da xüsusi vurğulamaq lazım gəlir ki, klapanlı sobalar baha olduğundan sahibkarlar onları almırlar. Keyfiyyətsiz qaz sobalarının təhlükəliliyini artıran bir səbəb də onun mənzillərdə mütəxəssislər deyil, adi vətəndaşlar tərəfindən quraşdırılmasıdır. Heç bir texniki savadı olmayan insanlar tərəfindən vətəndaş üçün ucuz başa gələn belə quraşdırma əməliyyatı bəzən sonda ölümlə nəticələnir. Yəni digər əsas problem sobaların düzgün quraşdırılmaması ilə bağlıdır. Məlumdur ki, sobanın içində oksigen üçün kifayət qədər boş yer olmalıdır. Havatəmizləyici borular mənzillərin damından ən azı bir metr hündürə qaldırılmalı, borular qonşu binalara və küləyə qarşı qurulmamalı, içi ildə azı bir dəfə təmizlənməlidir. Qaz sobası quraşdırılan otaqların havasını müəyyən fasilələrlə dəyişdirmək də vacibdir.
O da vurğulanır ki, Bakı küləklər şəhəri olduğu üçün tüstü bacaları düzgün quraşdırılmayanda külək tüstünü evə doldurur. Digər tərəfdən məlumdur ki, hələ sovet dönəmində qaz bacaları hər il qış fəsli gəlməmiş təmizlənərdi. İndi isə bu işin məsuliyyətini daşıyan Mənzil Kommunal Təsərrüfat İdarələri bunun üçün dövlət tərəfindən vəsait ayrılmadığından bacaların təmizlənmədiyini deyirlər. MKİS-dən o da bildirilir ki, bütün mənzillər özəlləşdirildiyi üçün bu iş ev sahiblərinin öz üzərinə düşür. Bütün bu kimi məsələlərin hələ tam həllini tapmaması cari il ərzində də dəm qazının ciddi təhdid mənbəyi olaraq qalacağını göstərir.