"Mahmud və Məryəm": Azərbaycan filmi, yoxsa türk serialı? - TƏNQİD

27 Sentyabr 2013 14:46 (UTC+04:00)
Çoxdandır gözlədiyimiz "Mahmud və Məryəm" (orijinalda "Mahmut ile Meryem") filmi gəlib bizə yetişdi. Dünən Nizami Kino Mərkəzində təntənəli təqdimat oldu, yaradıcı qrup tamaşaçılar qarşısında çıxış etdi, sonra film göstərildi.

Məlumat üçün deyək ki, ekran əsərinin prodüsserləri Sevda Kaygısız, Müşfiq Hətəmov, Ali Kaygısız, rejissoru Mehmet Ada Öztekindir. Film Azərbaycan yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" əsəri əsasında çəkilib. Gəncə xanı Ziyad xanın oğlu Mahmudla keşiş qızı Məryəmin faciəvi məhəbbətindən bəhs edən ekran əsəri "24 kare film" (Türkiyə) və "Salnamə" (Azərbaycan) studiyalarının birgə istehsalıdır. Əsas rolları Aras Bulut İynemli (Mahmud), Eva Dedova (Məryəm), Fəxrəddin Manafov (Ziyad xan), Məlahət Abbasova (Qəmərbanu), Polat Bilgin (Sofu), Mehmet Çevik (Keşiş), Tomris İncer (Qısır Qadın), Şafak Başkaya (Bayandır), Şamil Süleymanov (Mirzə Salman) ifa edirlər.

Süjet məlumdur: Ziyad xanın gözünün ağı-qarası oğlu Mahmud atasının bircəciyi olan keşiş qızı Məryəmə vurulur. Keşiş öz qızını dini dinindən olmayan oğlana verməyə razı olmur və övladını götürüb Gəncədən qaçır. İşə cadu-tilsim qarışır, aşiqlər toy günü bir-birinə qovuşa bilmirlər. Tamaşaçıya bu süjet "Əsli və Kərəm" dastanından da yaxşı tanışdır.

Təqdim olunan film operator, rəssam işinə, vizual effektlərinə, aktyor oyununa, geyimlər və dekorasiyalarına görə seçilir. Aktyor oyunu üzərində xüsusi dayanmaq istərdik. Baş qəhrəmanlardan daha çox Ziyad xan, Qəmərbanu, xüsusən Sofu (o, uğurlu zarafatları ilə tamaşaçının qəlbini baş qəhrəmanlardan daha çox qazanır), Keşiş, Qısır Qadın obrazları diqqət çəkir, onların oyunu ümumi süjetin arxa planında qalmır, əksinə, bəlkə də, çox zaman ön plana keçir. Baş qəhrəmanlara gəlincə, aktyorlar adi məhəbbəti göstərirlər - ənənəvi yolla: iri planda kədərli, çox zaman dolmuş gözlər, təbəssümlər, sarılmalar, hətta replikalar da serial estetikasını xatırladır.

Filmi orta statistik tamaşaçı üçün maraqlı hesab etmək olar. Hərçənd, bəzən müəyyən suallar ortaya çıxır. Məsələn, Bayandırın övladlığa götürülməsi səhnəsi epizodik göstərilir və kadrarxası mətndən də məsələ aydınlaşmır. Başqa bir sual doğuran məqam Qısır Qadınla bağlıdır. Nə üçün Mahmudun taleyini öncədən bilən qadın onu yoldan çıxarmaq üçün Ceyranla iş birliyinə girir? Mahmudu faciədən qorumaq üçünmü? Yoxsa?.. Sual açıq qalır.

Buradaca kiçik bir haşiyə çıxaq. Dostlarla atüstü müzakirələrimizdə sonuncu məqamın üstündə dayandıq. Gənc yazarlardan biri öz yozumunu təqdim elədi: Qısır Qadın bilir ki, Mahmud hər hansı qadına yaxınlaşsa, onunla cinsi əlaqəyə girsə, o da öz arzusuna qovuşacaq: quşa dönüb uçub gedəcək. Ceyranla bu alınmır, aydın məsələdir. Amma finalda Mahmud Məryəmə də qovuşmur axı, Qısır Qadın isə quşa dönür…

Filmdə bəzi səhnələr yersiz şəkildə uzadılır. Məsələn, Mahmudun Məryəmlə ilk görüşündə onun saçlarına toxunması səhnəsində və ya sonrakı görüşlərdəki baxışmalarda tamaşaçı az qalır dəqiqələri saysın. Mənzərələr bəzən mövzunu arxa plana atır. Halbuki mənzərə hadisələri tamamlamalıdır.

Məryəmin çiçəkləri qoxlaması səhnəsindəki çiçəklər bugünün parklarında əkilən dekorativ güllərdir, yaxşı olardı ki, onları çöl çiçəkləri ilə əvəzləyəydilər.

Başqa bir məqam: Ziyad xanın məclisində muğamatda Füzulinin "Məni candan usandırdı" qəzəlinin oxunması da bir qədər inandırıcı görünmür. Çünki filmdə Sultan Səlimlə I Şah İsmayılın qarşıdurmasından danışılır. Məşhur Çaldıran döyüşü hələ baş verməyib. 1514-cü ildə Füzulinin cəmi iyirmi yaşı olub və o, Gəncədən xeyli uzaqda, indiki İraq ərazisində yaşayıb. Məntiqlə, suallardan qaçmaq üçün başqa şairdən – məsələn, elə dövrün hökmdarı olan Xətaidən qəzəlin səsləndirilməsi daha çox yerinə düşərdi.

Muğamatdan söz düşmüşkən, bu səhnədəki pafos da bir qədər süni görünür. Ziyad xan xanəndənin Qarabağdan olduğunu biləndə sual edir: "Orada kimin qalıb?". Xanəndə ailə üzvlərini sadalayanda Ziyad xan sərt şəkildə onun sözünü kəsir: "Yalan deyirsən, küçük, orada səni ürəyin qalıb".

İstənilən halda bu cür təbliğat filmə yapışmır, yamaq kimi görünür, yerinə oturmur.

Amma əsas problem bu da deyil. Məsələ burasındadır ki, filmə kənardan baxanda belə bir təəssürat yaranır ki, ekran əsərinin Azərbaycana yeganə aidiyyatı süjetin müəllifi ilə bağlıdır. Hadisələr Azərbaycanda cərəyan etsə də, tamaşaçı bunu hiss eləmir. Çünki geyimlərdə, dekorasiyalarda bir dənə də olsun, milli işarə, əlamət, atribut tapa bilmirsən: kişili-qadınlı hamı osmanlı geyimlərindədir. Mistik əhval-ruhiyyəni yaxşı tamamlayan fon musiqisində də millilikdən əsər-əlamət yoxdur. Ümumiyyətlə, belə bir rəy yaranır ki, Azərbaycan tərəfi filmə yalnız assisentlik edib.

Bundan başqa, sanki filmdəki fantastik əhval-ruhiyyə ilə realist siyasi yönü (Xətai-Sultan Səlim qarşıdurması fonundakı hadisələr) bir-birinə bağlayan bağlar olduqca zəifdir, yanaşmalardan biri, daha doğrusu, ikincisi ekran əsərinə yamaq kimi görünür. Ziyad xanın kimin yanında olduğu sonadək də tamaşaçıya aydın olmur. Eşq və savaş səhnələri bir-birini tamamlamır və sonucda ikisi də yarımçıq təsir bağışlayır. Balans gah bu, gah digər tərəfə əyilir.

Ümumilikdə, demək olar ki, film gözləntiləri doğrultmadı. Bunu zaldakı tamaşaçı alqışlarının səviyyəsindən də hiss etmək olardı. (Ann.az)