Ürəkləri parçalayan olay: Bakıda ananın bala fəryadı...
27 Sentyabr 2013 16:49 (UTC+04:00)
ANS TV-də yayımlanan "Adam içində" proqramının
dünənki buraxılışında həyəcanlı anlar yaşanıb. Milli.Az-ın
studiyada verilişi izləyən əməkdaşının məlumatına görə, əri
tərəfindən uşağı əlindən alınan Şəfa adlı ana dünənki
verilişdə də tamaşaçıları kədərləndirib.
Veriliş başlayan andan sonadək
aparıcı Elgizdən uşağının studiyaya gətirilməsini xahiş edib. Hətta uşağını
görəcəyinə ümid edən Şəfa xanım özü ilə balasına vermək üçün
oyuncaq da gətirib. Lakin veriliş boyu anaya uşaq verilməyib, onun
tək təsəllisi övladını Skype vasitəsilə görməsi
olub.
Studiyaya gəlməkdən imtina edən qarşı tərəf, yəni
Şəfanın əri Əli uşağı anasına canlı yayıma
gətirməkdən imtina edib. Balasını Skype-da görən Şəfa buna dözə
bilməyərək ürəyi gedib. Mühafizəçilərin köməkliyi ilə studiyadan
çıxarılan anaya ora çağırılmış təcili yardım briqadasının
əməkdaşları yardım edib. Bundan sonra əsl mətləblərə aydınlıq
gətirilib.
Şəfanın anası Yasamal rayon Məhkəməsinin uşağın
kimdə qalması ilə bağlı çıxardığı qərardadı Elgizə təqdim edib və
aparıcı elə orada bunu elan edib. Qərardaddan məlum olub ki,
məhkəmə uşağın dərhal anası Şəfa xanıma qaytarılması barədə qərar
çıxarıb. Lakin övladı üçün savaşan, veriliş boyu hönkürən ana
arzuladığı qərardad elan olunarkən özündə deyildi. Onun bu xəbəri
eşidəndən sonrakı halı isə bizə məlum deyil...