Gələn ildən pullu yolların inşasına başlanır?!

28 Sentyabr 2013 08:48 (UTC+04:00)

Son dövrlərdə vaxtaşırı gündəmə gələn məsələlərdən biri də Azərbaycanda da pullu yolların çəkilməsi ilə bağlıdır. Məlumatlar bu istiqamətdə ciddi araşdırmaların getdiyini və yaxın tezlikdə ölkəmizdə belə yolların çəkiləcəyini göstərir. Hazırda bu məsələdə hökumətin əsas tərəfdaı qismində isə Asiya İnkişaf Bankı (AİB) çıxış edir.

Yeri gəlmişkən qeyd edək ki, sözügedən bank Azərbaycanda ödənişli yolların tətbiq olunması imkanlarının araşdırılması barədə yerli və xarici tərəfdaşlara tanışlıq hesabatı təqdim edib.

Hesabata görə, son illər hökumətin yol alt sektoruna 4,6 milyard manat investisiya qoymasına baxmayaraq, yol şəbəkəsinin yeniləşdirilməsi prosesi və yollarda artan nəqliyyat göstərir ki, yol şəbəkəsinin davamlı inkişaf etdirilməsi və məqbul səviyyədə saxlanılması üçün daha artıq maliyyə vəsaitinin ayrılması vacibdir. Hazırda donorlar özəl sektorun iştirakı ilə daha keyfiyyətli xidmətin göstərilməsi və yolların saxlanılması üçün ayrılan vəsaiti artırmaq məqsədilə birbaşa və ya dolayı gəlir əldə etmək imkanları axtarırlar. "Ödənişli Yollar" haqqında araşdırmanın məqsədi ödənişli yolların tətbiqi üçün prioritet yol hissələrini və özəl sektorun iştirakının səmərəliliyi müəyyənləşdirmək, Azərbaycanın mövcud normativ-hüquqi bazası əsasında özəl sektorun yol alt sektorda davamlı iştirakının mümkünlüyünü öyrənməkdir.

Hesabat milli və beynəlxalq tərəfdaşlara təqdim edilib. Nəqliyyat sektorunda maraqlı tərəflərin fikir və təkliflərini və dövlət-özəl tərəfdaşlığın (DÖT) beynəlxalq təcrübəsini özündə əks etdirən və ödənişli yolların tətbiqi və DÖT variantları, DÖT üçün prioritet yol hissələrinin müəyyənləşdirilməsi, hüquqi bazanın qiymətləndirilməsi və tənzimlənməsi, ödənişli yollarda əməliyyat proseduru, risklərin qiymətləndirilməsi və DÖT layihələrin həyata keçirilməsinə dair tövsiyələr kimi sahələri əhatə edən yekun hesabat hökumətə təqdim ediləcək. Əslində, bu məsələ ötən ilin sonundan etibarən gündəmə gəlib. Elə həmin vaxt məlum olmuşdu ki, Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı ölkədə ödənişli yolların tətbiqi imkanlarını araşdırır.

AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan üçün avtomobil yolları sistemində həyata keçirilən layihələrin ikinci multitranş maliyyələşdirmə sazişini (Multitranche Financing Facility - MFF) təsdiqləyib. AİB rəsmisi onu da bildirib ki, MFF-II çərçivəsində müəyyən tədqiqatlar aparılmaqdadır. O.Noroyono əlavə edib ki, ilk öncə ödənişli yolların salınması ideyasının kommersiya və maliyyə baxımından nə qədər əlverişli olacağı müəyyənləşdirilməlidir, həmçinin müvafiq qanunvericiliyin hazırlanması zəruridir. Qanunvericiliyin hazırlanması istiqamətində isə artıq müəyyən işlər aparılır.

Belə ki, Milli Məclisin İqtisadi siyasət Komitəsinin cari ilin mayın 2-də baş tutmuş iclasında müzakirə edilən əlavə və dəyişikliklər layihəsinə əsasən, ölkədə avtomobil yollarının şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Layihəyə əsasən, ödəniş, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiq edilə bilər. Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

Bütün bunlar isə yaxın tezlikdə pullu yollar təcrübəsinin Azərbaycanda da tətbiq olunacağını deməyə əsas verir. Gözlənir ki, Asiya İnkişaf Bankını hökumətə son hesabatıın təqdim etməsindən sonra pullu yolların inşası istiqamətində konkret addımlar atılmasına başlanacaq. Prosesin hətt agələn ildən başlanması da istisna edilmir. Xatırladaq ki, belə yollar təcrübəsi dünyada, xüsusən də ABŞ və Avropada geniş yayılıb. MDB ölkələrindədə bu təcrübədən istifadə edənlərə rast gəlinir. Məsələn, şimal qonşumuzda belə yollardan istifadə genişlənməkdədir. Bu cür yollar daha rahat və təhdükəsiz olması ilə seçilir.