Saxta pul təhlükəsi böyüyür

30 Sentyabr 2013 17:19 (UTC+04:00)

Əli Əlirzayev: "Pulların dizaynını dəyişməyə ehtiyac olarsa, Mərkəzi Bank özü effektli, səmərəli variantlarla bunu həyata keçirər"


Müşahidələr göstərir ki, artıq Azərbaycan manatı regional miqyasda da güclü valyutaya çevrilib. Manatın mövqeyinin bu cür möhkəmləndiyi bir dövrdə Azərbaycan Mərkəzi Bankı xəbərdarlıq edir ki, manatın saxtalaşdırılmasının potensial riski gündən-günə artır. Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bu xüsusda bildirib: "Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb. Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır". Cənab Vəliyevin sözlərinə görə, manatının saxtalaşdırılması üzrə potensial risklərin artması öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə müvafiq institusional infrastrukturların yaradılması və inkişafını, bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir. 

Bu məqsədlə Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha effektiv idarə edilməsi istiqamətində pul nişanlarının ekspertizası işinin beynəlxalq standartlaşdırılması və müasir dünya təcrübəsinə uyğun ekspertiza işinin institutlaşması layihəsinə start verilib. Baş direktor söyləyib ki, layihə çərçivəsində pul nişanlarının və qiymətli kağızların ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə müasir texnoloji sistemlərin alınması və tətbiqi, müvafiq kadr potensialının yaradılması nəzərdə tutulur. 

Manataın saxtalaşdırılması risklərinin artamasına və bu istiqamətdə atılan addımlara gəlincə, sözsüz ki, bunlar ciddi təhdid yaradan hallardır. 

İqitisadçı-ekspert Samir Əliyev Mövqe.az-a verdiyi açıqlamada bununla bağlı bildirir: " Təbii ki, həmişə güclü pulların, dəyəri yüksək olan əskinasların saxtalaşdırılması ehtimalı, saxtalaşdırma cəhdləri yüksək olur. Ona görə də, diqqət etsək, görərik ki, dünyada istər dolların, istərsə də avronun kütləvi şəkildə saxtalaşdırılması prosesi  gedir. Bu, böyük qurumlar tərəfindən həyata keçirilir. Azərbaycan manatı da yüksək dəyərlidir və avrodan cüzi fərqlə ucuzdur. Bu baxımdan manatın da saxtalaşdırılması məsələsi bu gün diqqət mərkəzində ola bilər. Pulun saxtalaşdırılması, əlbəttə ki, ölkə iqtisadiyyatı üçün çox böyük təhlükədir. Düzdür, kiçik saxtalaşdırma halları baş verdikdə onların qarşısı müxtəlif yollarla alınır. Amma saxtalaşdıranın həcmi böyük olarsa, bu ölkənin maaliyyə sisteminə, iqtisadiyyatına mənfi təsir göstərə bilər. Ona görə də, bu baxımdan dövlət bu sahədə diqqəti artırır.

Bir qayda olaraq, böyük nominallı pulların saxtalaşdırılması siyasəti yeridilir. Çünki, 1 və ya 5 manatın saxtalaşdırılmasına ehtiyac yoxdur. Çünki, bu gün saxtalaşdırmanın özü də xərc tələb edir. Havayı başa gəlmir. Bu mənada da, bu işlə məşğul olanlara az nominallı pullarınn saxtalaşdırılması sərf etmir və iri nominallı pulların, Azərbaycan iqtisadiyyatı üçün böyük önəm daşıyan pulların saxtalaşdırılması həyata keçirilir ". 

Ekspert, ümumiyyətlə, hər 10-15 ildən bir pulların dizaynında dəyişikliklər edilməsinə ehtiyac olduğunu bildirib: " O ki qaldı pulların  mühafizə xidmətinə, ümumiyyətlə, pulların dizaynında dövri olaraq dəyişiklik edilməsi, təhlükəsizlik elementlərinin daxil edilməsi zəruridir. O baxımdan ki, bu gün informasiya texnologiyaları inkişaf edir və pulların saxtalaşdırılma imkanları təkmilləşir. Ona görə ki, bir tərəfdən təhlükəsizlik üçün hər hansı elementlər daxil edilir . Digər tərəfdən isə, yeni  texnologiyanın olması saxtalaşdıranların işlərini bir qədər də yüngülləşdirir. Uzun müddət dizaynında heç bir dəyişiklik ediməyən pulların da, məsələn, 100 dollarların dizaynında dəyişiklik edildiyini müşahidə etdik. Bu, artıq hökümətin problemidir ki, dövriyyəyə yeni əskinaslar daxil edilsin. Azərbaycanda manat 2006-cı ildə dövriyyəyə buraxılıb. Üstündən təxmini 7 il keçib. Yəni, bu gün elə bir təhlükə yaratmır. Bu baxımdan ki, istehsal olunanda son dövrün texnologiyası tətbiq edilibdir. Amma mənim fikrimcə, yaxın 4-5 ildə kağız manatın tərkibinə yeni elementlərin daxil edilməsinə baxıla bilər. Və yaxud da ki, dizaynında tam olmasa da, cüzi dəyişiklik etmək olar. Ümumiyyətlə, əskinaslarda dövri olaraq, hər 10-15 ildən bir hər hansı dəyişiklik edilməsinə ehtiyac var". 

İqtisadçı-ekspert Əli Əlirzayev isə Mövqe.az-a verdiyi açıqlamada Mərkəzi Bankın düzgün siyasəti nəticəsində bu halların qarşısının alınacağını bildirib: " Pulların dövriyyəsini Mərkəzi Bank idarə edir. Mərkəzi Bankın  öz ixtiyarı , öz səlahiyyətləri var. Mərkəzi Bankın özünün pulların idarə olunmasına dair siyasəti var və bu siyasətə uyğun olaraq da, pulların dizaynını dəyişməyə ehtiyac olarsa, bank özü effektli, səmərəli variantlarla bunu həyata keçirər, bu haqda qərar verər. Mərkəzi Bank ümumiyyətlə, Azərbaycanın pul-kredit siyasətini düzgün idarə edir. Ona görə də, ortada bir təhlükə müşahidə etmirəm ".