Daşqının nəticələrinin aradan qaldırılması üçün 50 milyon manat ayrıldı
3 Aprel 2012 20:15 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu ildə Kür
və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin
fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında
sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə Fövqəladə Hallar
Nazirliyinə 50 milyon manat vəsaitin ayrılması üzrə təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılır.
Fövqəladə Hallar Nazirliyinə tapşırılır ki, sərəncamın icrası ilə
bağlı müvafiq şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə Kür
və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin
fəsadlarının aradan qaldırılması üçün fərdi yaşayış evlərinin,
sosial və infrastruktur obyektlərinin tikintisi,
bərpa-gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin
sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi
işlərinin başa çatdırılmasını sürətləndirsin və görülmüş işlər
barədə məlumatı üç ayda bir dəfə Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.