Səhiyyədə yeni maliyyələşmə mexanizmi tətbiq olunacaq

21 May 2012 13:19 (UTC+04:00)

Azərbaycanda səhiyyənin maliyyələşmə mexanizmini dəyişməsi üçün BMT tərəfindən ölkəmizə müvafiq tövsiylər ünvanlanıb. Bilindiyi kimi, hazırda Azərbaycanda səhiyyə sistemi dövlət sektoru ilə yanaşı özəl sahədə də mövcuddur. Dövlət sektorunun maliyyələşməsi isə büsbütün dövlət büdcəsi hesabına həyata keçirilir.

Amma son zamanlar səhiyyənin icbari tibbi sığortaya cəlb olunması yolu ilə maliyyə əldə etməsi ətrafında da fikir mübadiləsi aparılır. Bu barədə sərəncam olsa da, icbari tibbi sığorta məsələsi hələ də ölkəmizdə reallaşmayıb. Görəsən, BMT-nin səhiyyənin maliyyələşmə mexanizmini dəyişmək barədə tövsiyəsi həm də icbari sığortanı tətbiqinin sürətləndirilməsi ilə bağlı ola bilərmi? Sahədə maliyyələşmə mexanizminin dəyişdirilməsinə ehtiyac varmı?

Həkim Dünyamalı İmaməliyevin fikrincə, dövlət büdcəsindən maliyyələşən səhiyyə müəssisələrinin sayı azaldılmalı, onların əksəriyyəti fiziki şəxslərə özəlləşdirməyə verilməlidir: "Qeyd edim ki, Azərbaycanda səhiyyə sistemi hazırda iki müstəvidə fəaliyyət göstərir. Belədə səhiyyənin maliyyələşməsi iki müstəvidə baş verir. Bunlar özəl və dövlət səhiyyəsindən ibarətdir. Özəl səhiyyə aydındır ki, ayrı-ayrı şəxslər tərəfindən yaradılan tibb mərkəzləri, xəstəxanalardır. Onların da maliyyələşməsi həmin müəssisələri yaradan, ona rəhbərlik edən şəxslərdən asılıdır. Bizə əsas maraqlı gələn səhiyyənin dövlət tərəfindən maliyyələşməsi prinsipləridir. Əhalinin əsas hissəsi, aztəminatlı ailələr dövlət səhiyyəsindən yararlanmağa daha çox üstünlük verir. Dövlətin səhiyyəni necə maliyyələşdirməsi məsələsi qoyularsa, bunu mexanizmini bir neçə il əvvəl tərtib etdiyim proqramda qeyd etmişdim. Hazırda ölkədə fəaliyyət göstərən dövlət tipli səhiyyə müəssisələri çoxdur. Dövlət büdcəsindən tibbə ayrılan vəsaitlər də onlar arasında potensiallarına uyğun olaraq bərabər şəkildə bölünür. Aza-az, çoxa-çox nisbətində, xəstəxananın çarpayı sayına, xəstə tutumuna görə maliyyə bölgüsü aparılır. Bakıda fəaliyyət göstərən xeyli sayda dövlət tibb müəssisələri var. Fikrimcə, bu dövlət tibb müəssisələrindən iri ölçülü bir neçəsini paytaxt zonalarına yaxınlıq baxımından dövlət dotasiyasında saxlamaq şərtilə, qalan tibbi sanitar hissələri, kiçik və qeyri-rentabelli xəstəxanaları dövlət təchizatından çıxarıb ayrı-ayrı iş adamlarına satılmalıdır. Belədə həmin satılmadan gələn vəsaitdə əlavə olaraq səhiyyə büdcəsinə daxil olar, onun maddi təminatının yaxşılaşdırılması, həkimlərin əmək haqqının artırılmasına yönəldilə bilər. Dövlət büdcəsindən ayrılan vəsait bir var 10 xəstəxana arasında bölünsün, bir də var 50. Təbii ki, vəsait daha az xəstəxana arasında bölünsə, onun maliyyə baxımdan təminatı da daha yaxşı olacaq. Digər tərəfdən icbari tibbi sığortanın tətbiqilə də həkimlərin əmək haqqının artırılması və xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərilməsinə də nail olmaq olar".

Tibb elmləri doktoru Adil Qeybulla isə qeyd etdi ki, BMT-nin səhiyyənin maliyyələşməsi mexanizminin dəyişdirilməsi tövsiyəsi tibbi sığortanın tətbiqindən keçir: "Səhiyyənin maliyyələşməsinin dəyişdirilməsi deyəndə burada vəsaitin azaldılması və ya artırılmasından deyil, maliyyənin mexanizminin dəyişdirilməsindən söhbət getir. Bu da ondan ibarətdir ki, bütün dünyada səhiyyə sahəsində qəbul olunan ümumi sistem sığorta təbabətinin tətbiqidir. Əhalinin müxtəlif təbəqələrinin sığortalanması prosesi zamanı, əlbəttə ki, müəyyən kateqoriya birbaşa dövlət büdcəsinə aid olur. Məsələn, işləməyən əhali, tələbələr birbaşa dövlət büdcəsindən maliyyələşib sığorta vəsiqəsi əldə etməlidir. Yəni bu halda yük dövlətin üzərinə düşür. Qalan kateqoriyalı insanlar isə öz maaşlarından, əmək birjaları və işlədikləri yerlərdən sığortalanırlar. Amma o şəxslərin ki, gəlir mənbəyi yoxdur, onlar dövlət büdcəsindən sığortalanır. Bu halda dövlət büdcəsində sığorta üçün ayrılan vəsait müəyyən həcm təşkil etməli və əhalinin aztəminatlı hissəsini tamam örtməlidir. Belə olan halda, yəni tibb sığortası tətbiq olunan halda, dövlət tibb müəssisələrinin sığorta təchizatı da həyata keçirilməlidir ki, xəstə gələndə lazımi dərmanlar, tibbi avadanlıqlar, müayinə metodları ilə təmin oluna bilsin və sığorta müqabilində öz tibbi prosedurunu həyata keçirsin. Bunlar maliyyələşmə mexanizminin, məsrəflərin istiqamətinin dəyişməsi deməkdir. Tibbi sığorta tətbiq olunmadan səhiyyənin maliyyələşmə mexanizmində hər hansı bir kardinal dəyişiklik olmayacaq".

Rüfət NADİROĞLU