İran azərbaycanlıları qiyama qalxdı – YENİLƏNİB– FOTO – VİDEO
22 May 2012 17:22 (UTC+04:00)
İranda Urmiya gölünün qurumasına hökumətin laqeyd münasibətinə
etiraz olaraq mayın 21-də Təbriz və Urmiyada kütləvi etiraz
aksiyaları keçirilib.
Bu barədə aksiya keçirilən şəhərlərdə yaşayan soydaşlarımızdan
daxil olan məlumata görə, nümayişlərdə kişilərlə yanaşı, qadınlar
da iştirak edib. Dinc yolla keçirilən aksiyalarda Urmiya gölünə
dəstək, hakimiyyətə isə qarşı siyasi şüarlar səsləndirilib.
"Yaşasın Azərbaycan", "Azərbaycan bir olsun, istəməyən kor olsun",
"Urmu gölü can verir, məclis onun qətlinə fərman verir" şüarları
altında keçirilən nümayişlərdə əsas tələblər Urmiya gölünün
qurumasının qarşısının alınması üçün hökumətin ciddi tədbirlər
görməsi, azərbaycanlı fəallara qarşı təzyiqlərin dayandırılması,
milli ayrı-seçkiliyin aradan qaldırılması və 35 milyondan çox
azərbaycanlının vətəndaş hüquqlarının təmin edilməsi olub.
Urmiyanın
Əsgərabad məhəlləsində və "Sərdaran" adlı dördyolda polis dəstələri
ilə nümayişçilər arasında qarşıdurmalar yaranıb. Polislər
motosikletlərini aksiya iştirakçılarının üstünə sürərək, rezin
dəyənəklərlə hücum ediblər. Təbrizdə və Urmiyada polis plastik
güllələrdən, gözyaşardıcı qazdan istifadə edib. İlkin məlumatlara
görə, beş saat davam edən aksiyalarda yüzdən çox nümayişçi həbs
olunub, yaralananlar da var. Xoy, Marağa, Miyana və başqa bir neçə
şəhərdə aksiya keçirməyə cəhdlər olsa da, polisin qabaqlayıcı
tədbirləri nəticəsində bu baş tutmayıb. Polis 2-3 nəfərin bir yerə
yığışdığını görən kimi həbs edib. Hazırda İranın Azərbaycan
əyalətlərinin iri şəhərlərində internet kəsilib.