25 dollara kompüter
22 May 2012 12:56 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Raspberry Pi"
adlı xeyriyyə təşkilatı, Linux əməliyyat sistemi ilə işləyən kiçik
və yüngül kompüterlər istehsal edir. Model A 35 dollar, bu
yaxınlarda çıxacaq Model B isə yalnız 25 dollardan satılacaq.
"Raspberry Pi" indiyə qədər çıxan ən ucuz kompüterlərdir.
Yaradıcıları bu kiçik kompüterləri dünyanın hər tərəfindəki
uşaqlara çatdırmağı qarşılarına məqsəd qoyublar.
"Raspberry Pi"nin qurucusu Eben Upton uşaqlığının böyük bir
hissəsini yeni proqramları inkişaf etdirərək və kodlaşdırma
dillərini öyrənərək keçirib. Upton bir çox uşağın kompüterdən
istifadə imkanı olmamasını, imkanı olan uşaqların isə ailənin ortaq
kompüteri olduğuna görə zərər verməkdən qorxduqları üçün az
istifadə etdiklərini söyləyir.
Buna görə də,Upton İngiltərədə 2006-cı ildə "Raspberry Pi" adlı
xeyriyyə təşkilatı yaradıb. Tək hədəfi isə dünyanın hər küncünə bu
kompüterləri göndərib gənclərin təhsilində iştirak etmək və
üfüqlərini genişlətməkdir.
Qiymətinin çox ucuz olması "Raspbery Pi"yə olan tələbləri artırıb.
Bazara çıxan ilk 10 min kompüter dəqiqələr içində alınıb. Upton,
indiyə qədər 250 mindən çox sifariş aldıqlarını bildirib. Bunların
arasında ticarət şirkətləri, xəstəxanalar və muzeylər də var.