1 milyon 603 min abonenti "dəm qazı kabusu"ndan nə xilas edə bilər?

13 Noyabr 2013 12:00 (UTC+04:00)

Azərbaycanda hələ qış fəsli başlamasa da, havalar soyandan indiyədək dəm qazı ilə zəhərlənənlərin sayı qorxunc statistika yaradıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov Movqe.az-a açıqlamasında bilıdirib ki, oktyabr ayından noyabr ayının 11-dən 17 nəfər dəm qazı ilə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Onlardan 14 nəfəri oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə gətirilib. Ölkənin istilik sisteminin təchizatı ilə məşğul olan müəssisələr qış mövsümünə rəsmi olaraq keçməsələr də, artıq indidən dəm qazı ilə zəhərlənmənin qurbanlarının sayı narahatçılıq doğuracaq səviyyəyə gəlib çatıb. Bu rəqəmin qış aylarında daha da artacağı istisna deyil. Çünki, mənzillərdə hələ də qeyri-standart qaz cihazlarından istifadə, tüstü bacalarının təmizlənməməsi, vanna otaqlarında havalandırma sisteminin olmaması kimi problemlər hələ də qalmaqdadır. Artıq neçə ildir ki, dəm qazı ilə zəhərlənmə və ölüm hallarının qarşısını almaq üçün aidiyyatı qurumlar narahatçılıqlarını ifadə etsələr də, Azərbaycanda "dəm qazı kabusu" evləri hələ də dolaşmaqdadır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Movqe.az-a açıqlamasında bildirir ki, yaranmış problem Azərbaycanda verilən mavi yanacağın təyziqinin istifadə edilən qaz cihazlarının standartına uyğun gəlməməsidir. Birlik sədri bildirir ki, bu gün əhali qrupuna verilən qazın təyziqi aşağıdır. Hətta təyziq elə həddədir ki, bu mənzillərdəki qaz cihazlarındakı  təyziq standartına uyğun gəlmir: "Belə halda abonent məcbur olur ki, cihazı qazın təyziqinə uyğunlaşdırsın. Bunun üçün də qoruyucu klapanları açırlar. Hansı ki, həmin klapanlar qaz sönərsə, otaqda dəm qazı yaranarsa avtomatik qazın verilişini dayandırır. Bu isə nəticədə dəm qazı ilə zəhərlənmə və ölüm hallarına gətirib çıxardır".

E. Hüseynov problemdən bir çıxış yolu kimi abonentlərə detektrların paylanılmasını təklif edir. Onun sözlərinə görə, siqnalizasiya qurğusu olan bu detektrlar otaqda dəm qazı yarandıqda təhlükə barədə xəbər verir: "Mənim fikrimcə bütün mənzillərdə bu aparatdan olmalıdır. Təhcizatçı müəssisə abonentlərinə detekrları pulsuz paylaya bilər. Çünki, bu aparatlar elə də bahalı deyil".

Toksikoloq Azər Maqsudov da bütün mənzillərdə, vanna otaqlarında detektrlərin olmasını məqsədəuyğun hesab edir. Onun sözlərinə görə, qiyməti elə də baha olmayan bu aparatlar insanların həyatını dəm qazı kabusundan xilas edə bilər.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə Movqe.az-a açıqlamasında bildirib ki, hazırda qurumun 1 milyon 603 min abonenti var. Abonentlərin sayı çox olduğundan detektrlərin abonentlərə pulsuz paylanılması mümkün deyil: "Bizim tövsiyyəmiz odur ki, abonentlər qazdan istifadə qaydalarına riayət etsinlər. Bunun üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə də abonentlərin üzərinə vəzifə qoyulur. Tüstü bacalarını təmizləmək bizim işimiz deyil. Abonentlər qaz cihazı quraşdırarkən standarta uyğun olub-olmadığına diqqət yetirməlidirlər".