"Xural" qəzetinin əməkdaşı 3 il azadlıqdan məhrum edildi
23 Noyabr 2011 19:59 (UTC+04:00)
Lənkəran məhkəməsi "Xural" qəzetinin əməkdaşı Aydın Canıyevi 3 il
müddətinə azadlıqdan məhrum edib. Məhkəmə jurnalisti Cinayət
Məcəlləsinin 221.2.2 maddəsi (ictimai qaydanın qorunması üzrə
vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının
qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət
göstərməklə xuliqanlıq) üzrə təqsirli bilib. Məhkəmə A.Canıyevin
vəsatətlərini rədd edib.
Məhkəmə prosesində prokuror 4 il iş tələb etsə də hakim 3 il
azadlıqdan məhrumetmə cəzası kəsib. Aydın Canıyev vəkildən imtina
edib və özü-özünü müdafiə edib.
Xatırladaq ki, A.Canıyev sentyabr ayında saxlanılıb. O, vətəndaş
Zemfira Xəlilovanı təhqir etmək, Lənkəranın Sərpəkəran kəndinin
məscidində xuliqanlıq törətməkdə ittiham olunaraq inzibati həbs
cəzası almışdı. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin
221.2.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon
Məhkəməsi onun barəsində həbs-qətiimkan tədbirinin seçilməsinə dair
qərar çıxarıb. Aydın Canıyevin cinayət məsuliyyətinə cəlb olunması
məsələsini Lənkəran Dövlət Universitetinin pedaqoji heyəti də
qaldırıb. Onların şikayətinə jurnalistin "Xural" qəzetində getmiş
məqaləsindəki bəzi ifadələr səbəb olub. Jurnalist Lənkəran Rayon
Polis Şöbəsinin təcridxanasında saxlanılır.