İranın Azərbaycandakı səfirindən sərhədlərin bağlanmasına münasibət

18 Noyabr 2013 16:28 (UTC+04:00)

"Azərbaycan tərəfi ilə yeni körpünün istifadəyə verilməsinə dair danışıqlar aparırıq. Ümid edirik ki, bu körpü tezliklə açılacaq"

"Çəkisi 30 tondan artıq olan yük avtomobillərinin Azərbaycandan İrana getməsinə məhdudiyyət qoyulması Culfada Araz çayı üzərindəki körpünün köhnəlməsi ilə əlaqədardır".


İranın Azərbaycandakı səfirliyindən Ans press-ə verilən məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin söyləyib.


Məhdudiyyətin yalnız Culfa gömrük-keçid məntəqəsini keçmək istəyən yük maşınlarına aid olduğunu deyən səfir, bunun Biləsuvar və Culfa gömrük-keçid məntəqələrində bir neçə gün öncə baş verən problemlərlə heç bir bağlılığının olmadığını qeyd edib: "İrana aid yük maşınları da bu qaydaya riayət etməli olacaq".


Səfir qeyd edib ki, artıq Azərbaycanın rəsmi şəxsləri və gömrük orqanları məsələ ilə əlaqədar məlumatlandırılıb: "Azərbaycan tərəfi ilə yeni körpünün istifadəyə verilməsinə dair danışıqlar aparırıq. Ümid edirik ki, bu körpü tezliklə açılacaq və avtomobillərin tonnajı ilə bağlı heç bir məhdudiyyət olmayacaq".


Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.


Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.