"Azərbaycanda rəqəmsal yayıma keçid üçün texniki baxımdan hazırlıq işləri başa çatsa da, əhali buna tam hazır olmadığından, bu ilin sonunadək analoq yayımın tam dayandırılacağı barədə qəti fikir söyləmək olmaz". Bu sözləri Movqe.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov verib. T.Məmmədov bildirib ki, qəbul olunmuş qərarla bu ilin sonunda analoq TV yayımı tam dayandırılmalıdır: "Amma mən dəqiq deyə bilmərəm ki, ilin sonunda ölkə üzrə rəqəmsal yayıma başlanılacaq. Çünki, əhalinin hazırlıq prosesi tam başa çatmayıb. Məlumdur ki, əhalinin aztəminatlı kateqoriyasına rəqəmsal yayım siqnallarını qəbul etmək üçün dekoderlər paylanılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən siyahı hazırlanaraq 132 min aztəminatlı ailəyə dekoderlərin paylanılması üçün müraciət edilib. Hələki həmin ailələrə dekoderlər paylanılmayıb. Amma bu proses davam edir. İlin sonunadək yekunlaşacağı barədə də qəti fikir söyləyə bilmərəm. Onu deyə bilərəm ki, dekoderlər alındıqdan sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt mərkəzləri tərəfindən həmin aztəminatlı ailələrə çatdırılacaq. Əgər ilin sonunadək bu proses yekunlaşsa analoq yayım dayandırılacaq".
Xatırladaq ki, bu ilin sonunadək ölkə üzrə analoq yayımın tam dayandırılması nəzərdə tutulub.