Arzu Rəhimov: Bütün məktəblərdə hərbi hazırlıq siniflərinin yaradılması nəzərdə tutulub (MÜSAHİBƏ)

2 Dekabr 2013 17:13 (UTC+04:00)

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun Trend-ə müsahibəsi:

- Azərbaycanda vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi, o cümlədən bu sahədə əvvəllər baş vermiş neqativ halların aradan qaldırılması məqsədilə bir sıra müsbət yeniliklərin tətbiqinə başlanıb. Yaxın zamanlarda bu istiqamətdə daha hansı konkret yeniliklərin tətbiqi planlaşdırılır?

- Azərbaycan Respublikasında vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə tərəfimizdən mütəmadi təhlillər aparılır. Çağırış sistemində çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına, yoxlamaların keçirilməsinə nəzarət artırılıb ki, bu da Xidmətin yerli idarə, şöbə, bölmələrinin və aidiyyəti dövlət orqanlarının həmin sahəyə məsuliyyətlə yanaşmasına və çağırış sistemində şəffaflığın təmin olunmasına zəmin yaradır.

Bu məqsədlə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq, Xidmət tərəfindən mərkəzləşdirilmiş uçot sistemlərinin təşkil edilməsi, o cümlədən hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində işlər aparılır. Vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaq. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaq.

- Azərbaycan Respublikasında müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilən çağırışaqədərki hazırlığın səviyyəsini necə qiymətləndirirsiniz? Bu sahədə təkmilləşdirmə məqsədilə hansısa dəyişikliyin edilməsi gözlənilirmi?

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri yerli dövlət orqanları ilə birgə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, çağırışaqədərki hazırlığı istiqamətində məqsədyönlü iş aparır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təsdiq olunmuş plana əsasən, ümumi təhsil, ilk peşə ixtisas və orta ixtisas təhsil müəssisələrində hərbi hazırlıq dərslərinin keyfiyyətinin artırılması, bütün məktəblərdə hərbi hazırlıq siniflərinin yaradılması, təhsil müəssisələri üçün ibtidai hərbi hazırlıq və hərbi vətənpərvərliyə aid normativ sənədlərin, tədris planlarının, yeni dərsliklərin hazırlanması, onların texniki, tədris və əyani vasitələrlə təmin olunması nəzərdə tutulub.

Bununla yanaşı, Xidmətin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin bazasında atıcılıq tirlərinin bərpa edilməsi, məktəblərin təlim silahları ilə təmin olunması, hərbi hazırlıq fənninin tədrisinin yekun mərhələsində oğlanlarla 3 günlük çöl-təlim məşğələlərinin keçirilməsi, qızların isə tibb bacıları proqramı üzrə məşğələlərini poliklinikalarda və ya xəstəxanalarda keçmələri gələcəkdə hərbi vətənpərvərlik tərbiyəsi işinin vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaradacaq.

Çağırışaqədərki hazırlıq istiqamətində işlərin təkmilləşdirilməsi daimi xarakter daşıyır və müasir texnologiyalardan istifadə, yeni metodların tətbiqi zəruri məsələ kimi qarşıda dayanır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edəcək gənclərin fiziki hazırlığı, onların hərbi bilikləri öyrənmələri fəaliyyətimizin mühüm tərkib hissəsidir.

- Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb olunurlarmı? Bununla bağlı Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti sifarişlər verirmi?

- Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar aidiyyəti dövlət orqanlarının sifarişlərinə əsasən xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb olunurlar. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı Xidmətin yerli idarə, şöbə və bölmələrində mütəxəssis hazırlığı kurslarına göndərilmə və xüsusi hərbi ixtisaslar üzrə hazırlanma məqsədilə onlarla fərdi söhbətlər aparılır. Daha sonra "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis hazırlığı məktəblərində ixtisaslı mütəxəssislərin hazırlanması üçün namizədlər seçilir.

Nəzərinizə çatdırırıq ki, bir müddət bundan əvvəl "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialı əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Hazırda Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xüsusi hərbi ixtisaslar üzrə peşəkar kadrların hazırlığı aparılır. Gələcəkdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ixtisaslar üzrə peşəkar kadrların hazırlanması və ordu sıralarına ixtisaslı mütəxəssislərin göndərilməsi üçün müvafiq tədbirlər görüləcək.

- İlkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən, vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərarın verilmə müddətinin dəyişdirilməsi hərbi xidmətə çağırılanların sayına nə dərəcədə təsir edəcək?

- Azərbaycan Respublikasının qanunlarında edilən hər hansı əlavə və dəyişikliklər bu sahədə yalnız müsbət halların artırılmasına xidmət edir. Qeyd olunanlarla yanaşı nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən bütün tədbirlər barədə Xidmətin saytında mütəmadi məlumatlar verilir.