Sarkisyan və Putinin Qarabağ açıqlamaları

3 Dekabr 2013 11:13 (UTC+04:00)

Dekabrın 2-si Yerevanda görüşən Ermənistan və Rusiya prezidentləri jurnalistlərə açıqlamalarında Dağlıq Qarabağdan da danışıblar.


Sarkisyan deyib ki, Putini Azərbaycan prezidenti ilə Vyanada keçirdiyi görüş barədə məlumatlandırıb: "Minsk qrupunun həmsədri olan Rusiyaya Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərə görə minnətdarlıq bildirdim. Biz münaqişənin yalnız dinc yolla, güc tətbiq etməmək və hədələməmək, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə hüququ, ərazi bütövlüyü prinsipləri çərçivəsində həllinə sadiq olduğumuzu təsdiqlədik".  


Putin qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycan rəhbərlərinin birbaşa görüşlərinin bərpasını alqışlayır: "Noyabrın 19-da Vyanada keçirilən görüşün müsbət xarakter daşıması mənə çox xoşdur. Biz sağlam düşüncənin üstün gələcəyinə, hər iki tərəfin münaqişəni çözməyə can atacağına çox inanırıq və Minsk qrupu çərçivəsində bu prosesə dəstək olmağa çalışacağıq".     


Rusiya prezidenti müharibə başlayacağı təqdirdə Moskvanın hansı mövqe tutacağı haqda sualı "Ümid edirəm Dağlıq Qarabağda qan tökülməyəcək" deyə cavablandırıb.

"Media forum"