ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara dekabrın 5-6-da ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasının keçiriləcəyi Beynəlxalq Sərgi Mərkəzini ziyarət edib. APA-nın Ukrayna XİN-ə istinadən verdiyi məlumata görə, sərgi mərkəzində L. Kojaranın sədrliyi ilə idarələrarası müşavirə keçirilib. ATƏT katibliyinin nümayəndələrinin də qatıldığı müşavirədə nazirlərin toplantısına hazırlığın yekunlaşdığı bildirilib.
Xatırladaq ki, ATƏT XİN rəhbərlərinin yığıncaqları hər ilin dekabrında üzv ölkələrin və tərəfdaş dövlətlərin nazirlərinin iştirakı ilə keçirilir. Yığıncaqda təşkilatın il ərzində fəaliyyətinin yekunları və əməkdaşlığın perspektivləri müzakirə olunur.
Azərbaycanı toplantıda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Onun ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri və bir sıra digər ikitərəfli görüşləri nəzərdə tutulub. E. Məmmədyarov GUAM xarici işlər nazirlərinin iclasına da qatılacaq.