Litvada Xocalı soyqırımının ildönümünə aid müsabiqə elan edilib

4 Dekabr 2013 16:24 (UTC+04:00)

Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı və Qarabağ həqiqətləri haqqında düzgün təsəvvürlər formalaşdırmaqdır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Litvanın "Public Agency Geopolitical Studies" (Geosiyasi Tədqiqatlar Mərkəzi) təşkilatı Xocalı soyqırımının ildönümünə aid yazı müsabiqəsi elan edib. 


Şuradan Trend-ə verilən məlumata görə, litvalı siyasətçilər, alimlər, tarixçilər, ictimai xadimlər Xocalı soyqırımına, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan ən yaxşı tədqiqat işlərini müsabiqəyə təqdim edəcəklər.


Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı və Qarabağ həqiqətləri haqqında Litva cəmiyyətində düzgün təsəvvürlər formalaşdırmaq və münaqişənin həllinə töhfə verməkdən ibarətdir.


Təşkilat ən yaxşı tədqiqat məqaləsinə görə 7 müəllifi qonorarla mükafatlandıracaq. Daha sonra müsabiqənin qalibləri mövzu ilə bağlı Azərbaycanda keçiriləcək "dəyirmi masa"da iştirak edəcəklər və qalib gəlmiş məqalələr kitab şəklində nəşr olunacaq.