Təhsil naziri müəllimlərin işə qebulu ilə bağlı əmr imzalayıb
5 Dekabr 2013 17:49 (UTC+04:00)
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin işə
qəbulu üzrə əlavə yerləşdirmənin nəticəsi barədə əmr
imzalayıb.
Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər
verir ki, əmrdə qeyd olunur ki, 28 noyabr tarixində ümumi təhsil
müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş əlavə
yerləşdirmənin nəticələri təsdiq edilir.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) və
ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, 5 gün
müddətində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin
sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını
təmin etsinlər, həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1
və H2) işə qəbul olunanlar üçün nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsini təmin etsinlər, əmək fəaliyyətinə başlamaları ilə
əlaqədar müraciət etdikləri problemlərin həll edilməsində onlara
köməklik göstərsinlər, yeni işə qəbul edilmiş ibtidai və V-VI
siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi
üzrə təlim kurslarına cəlbini təmin etsinlər.
Bundan əlavə, işə qəbul olunaraq pedaqoji
fəaliyyətə başlayan müəllimlər barədə dekabrın 10-dək Təhsil
Nazirliyinə rəsmi məlumat təqdim etsinlər.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində
müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını
toplamış, lakin işə qəbul olunmamış müəllimlərə həmin vakant
yerlərdən 22-26 noyabr tarixlərində elektron seçim imkanı
verilib.
Bu mərhələdə 1257 nəfər iştirak edib. 26 noyabrda
aparılmış əlavə yerləşdirmə nəticəsində 307 nəfər seçdiyi vakant
yerə işə qəbul olunmaq hüququ qazanıb. 28 noyabr tarixdə onlarla
müsahibə keçirilib və 165 nəfərin işə qəbul edilməsi barədə qərar
verilib.