Tamerlan Qarayev “Səfir saatı”nın qonağı oldu

6 Dekabr 2013 17:09 (UTC+04:00)

Həmişə fərqli layihələri ilə seçilən Bakı Slavyan Universitetinin özünəməxsus formatda təşkil etdiyi "Səfir saatı" klubunun dekabrın 6-da növbəti qonağı Azərbaycanın Indoneziya, Sinqapur, Filippin və Timor-Lestedəki Fövqəladə və Səlahiyyətli səfiri Tamerlan Qarayev oldu. Görüşdə universitetin rəhbər heyəti, müəllimlər və tələbələr iştirak etdilər. Artıq ənənə halını almış "Səfir saatı"nı giriş sözü ilə BSU-nun rektoru, AMEA-nın  müxbir üzvi prof. Kamal Abdullayev açdı. Tələbələrin xarici ölkələrin səfirləri ilə yanaşı Azərbaycanı xarici ölkələrdə təmsil edən səfirlərlə görüşlərinin faydalı olduğunu vurğulayan rektor qonağı tədbir iştirakçılarına təqdim etdi.

Tələbələr qarşısında çıxış edən Səfir dəvətə görə prof. K.M.Abdullayevə minnətdarlığını bildirdi. Qonaq bu günə qədər fəaliyyət göstərdiyi Çin, Hindistan, Banqladeş, Maldiv adaları, İndoneziya, Filippin, Sinqapur, Timor-Leste və s. kimi ölkələrlə bağlı təəssüratlarından, həmin ölkələrlə Azərbaycan arasındakı çoxşaxəli əlaqələrdən geniş söhbət açdı. Cənab səfir Sinqapur, İndoneziya və Filippin kimi ölkələrin təhsil ocaqları ilə BSU arasında əlaqələrin qurulmasının, bu ölkələrdə fəaliyyət göstərən universitetlərdə Azərbaycan dili və Mədəniyyəti mərkəzlərinin yaradılmasının  ölkələrarası əlaqələrin möhkəmlənməsinə, xalqımızın tarixinin, mədəniyyətinin tanınmasında mühüm rol oynayacağına  inandığını söylədi və bu istiqamətdə ciddi addımların atılacağına  əmin olduğunu bildirdi.

 Müəllim və tələbələrin çoxsaylı suallarını səmimi şəkildə cavablandıran T.Qarayev tədbirin sonunda BSU-nun "Fəxri Qonaqlar Kitab"ına ürək sözlərini yazdı və tələbələrlə xatirə şəkilləri çəkdirdi.  


                                                                        BSU-nun Mətbuat Xidməti