Debat layihəsi yekunlaşdı

9 Dekabr 2013 11:00 (UTC+04:00)

Qafqaz Media Tədqiqatlar Mərkəzinin mətbuat xidmətindən verilən xəbərə görə, təşkilat Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi layihəni yekunlaşdırıb. Layihənin yekunları barədə məlumat verən mətbuat xidmətinin rəhbəri İlhamə Xankişiyeva öncə təşkilatın irəli sürdüyü belə bir innovativ təklifi dəstəklədiklərinə görə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib: "İnternet televiziya vasitəsilə cəmiyyəti maraqlandıran mövzularda maarifləndirici verilişlər və debatlar etmək təklifimizə Şura müsbət yanaşdı və təklifi dəstəklədi. Layihə çərçivəsində 4 veriliş çəkdik".

Çəkilən verilişlərin kanal13.tv saytında, youtube.com portalında yerləşdirildiyini həmçinin, tvitter, facebook, linkedin, google+ kimi platformalarda ictimailəşdirildiyini deyən Xankişiyeva internet aauditoriyasnın marağı ilə bağlı müəyyən narahatlığını da bildirib: "Bəzi çox da vacib əhəmiyyəti olmayan verilişlər olur ki, internetdə həftə ərzində on minlərlə dəfə baxılır. Lakin bu vacib mövzuların müzakirəsinə həsr edilmiş verilişlərə cəmi bir neçə min dəfə baxılıb. Həm də burdan görünür ki, Azərbaycan internet istifadəçiləri auditoriyası hələ formalaşma mərhələsindədir". 

Verilişlərin internet TV –lər vasitəsilə edilməsinin bir üstünlüyünün də interaktiv və izləyicilər üçün daima çatımlı olmasını vuğulayan Xankişiyeva belə ideyaların perspektivli olduğunu qeyd edir: "Biz inanırıq ki, internet ve İKT həm dünyada həm də Azərbaycanda daha da inkişaf edəcək. İnternet istifadəçilərinin sayı daha da artacaq. Belə olan halda cəmiyyətə müsaj vermək imkanlar da genişlənmiş olacaq. Hər halda hazırda perspektivdə bu imkanlar görünür. Mən təşkilatımız adından belə vacib hesab etdiyimiz layihəyə dəstək verdikləri üçün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertlərinə və rəhbərliyinə təşəkkür edirəm". 

Qeyd edək ki, təşkilat layihənin effektivliyini artırmaq məqsədi ilə çəkilmiş debatları DVD disklərə köçürərək məhdud bir çərçivədə olsa da ictimai təşkilatların ofislərinə və fəallara paylayıb.