Azərbaycan Təhsil Nazirliyi əmək qanunvericiliyinə bəzi dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bu gün keçirilən brifinqdə bildirib ki, bu gün əmək bazarında bir çox peşələr üzrə işlədikdə təhsil sənədi tələb olunmur: "Hər bir peşənin özünün öyrənilmə tələbi var. Dünya əmək bazarında sadə hesab etdiyimiz bir çox peşələr üzrə - xidmət sektorundan tutmuş sənaye sahəsinədək - işləyənlərdən müvafiq təhsil sənədi tələb olunur. Bu, keyfiyyətin bir zəmanəti kimi qəbul olunur. Ancaq biz bu gün öz qanunvericiliyimizi təhlil edəndə görürük ki, müəyyən peşələr üzrə sadəcə orta təhsil tələb olunur. Müvafiq, spesifik hazırlıq isə tələb olunmur".
N.Məmmədov deyib ki, bu gün insanlar müəyyən iaşə obyektlərində göstərilən xidmət səviyyəsindən razı qalmırlar. Bu isə ondan irəli gəlir ki, işəgötürənlər işə götürdükləri işçinin hansı təhsil alması ilə maraqlanmırlar: "Artıq bu, bir tələb kimi qoyulmalıdır ki, işçi götürülərkən onun müvafiq hazırlığı olmalıdır. İstər qısa, istər uzunmüddətli olsun, işçi hazırlıq keçməlidir. Bununla bilinməlidir ki, o, hansı bacarıqlara sahibdir. Bu, peşə təhsili ilə bağlı olan xidmətlərin keyfiyyətinin artırılması baxımından zəruridir".