Rusiya Federal Miqrasiya Xidməti: 2013-cü ildə Rusiyadan 181 Azərbaycan vətəndaşı deportasiya olunub

10 Dekabr 2013 16:12 (UTC+04:00)

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, 2013-cü ilin yanvarın 1-dən dekabrın 5-nə kimi 160 Azərbaycan vətəndaşı məhkəmənin qərarı ilə, 21 Azərbaycan vətəndaşı isə yerli FMX orqanının rəhbərinin qərarı ilə Rusiyadan deportasiya olunub.

 

FMX-dən bildirilib ki, bu ilin sentyabr, oktyabr və noyabr aylarında 36 nəfər Azərbaycan vətəndaşı Rusiya Federasiyasının ərazisindən çıxarılıb: "2013-cü il sentyabrın 1-dən noyabrın 30-dək olan müddətdə 33 Azərbaycan vətəndaşı məhkəmənin qərarı ilə, 3 nəfər isə yerli FMX orqanları rəhbərinin qərarı ilə Rusiyadan çıxarılıb".

 

Qeyd edək ki, Rusiya FMX və Daxili İşlər Nazirliyi 2013-cü ilin yay aylarından başlayaraq paytaxt Moskva və digər regionlarda miqrantlara qarşı "təmizləmə" əməliyyatı keçirib. Xüsusi təyinatlı polisin - OMON-un keçirdiyi əməliyyatlar nəticəsində bazarlarda fəaliyyət göstərən miqrantlar saxlanılaraq polis bölmələrinə aparılıb. Bu ilin oktyabr ayında isə Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinməsi Azərbaycandan olan miqrantlara qarşı təzyiqlərin artmasına səbəb olub. Belə ki, bu hadisədən sonra polisi azərbaycanlılara məxsus bazarlarda müntəzəm reydlər keçirib. Nəticədə azərbaycanlıların sahibi olduğu bir neçə bazarın fəaliyyəti dayandırılıb.