"Ötən tədris ilinin sonunda və bu tədris ilinin əvvəlində təhsil nazirinin müvafiq göstərişləri, həmçinin nazirlik əməkdaşlarının mütəmadi və gərgin işi nəticəsində ümumi təhsil müəssisələrində korrupsiya ilə mübarizə tədbirləri gücləndirilib. Lakin bir daha təkrarlamalıyıq ki, korrupsiya ilə mübarizə yalnız Təhsil Nazirliyinə aidiyyəti olan bir məsələ deyil, həm də cəmiyyətin və valideynlərin birbaşa məsuliyyətidir".
Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev APA-ya açıqlamasında deyib ki, bununla bağlı dəfələrlə ictimaiyyətə məlumatlar verilib və açıq şəkildə anonimliyi qorumaqla valideynlərin bu və ya digər şəkildə narazı salan məsələlərə vaxtında, operativ reaksiyanın verilməsinin nazirliyin prioritet istiqamətlərindən olduğu bildirilib. Onun sözlərinə görə, yenə də bu, zaman tələb edən məsələdir, birdən-birə dəyişən məsələ deyil: "Düşünürük ki, bu istiqamətdə qayda və prosedurların tətbiqi vəziyyəti əsaslı şəkildə dəyişməyə imkan verəcək. Əsas məsələ məktəblərdə valideyn icmalarının, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi, şəffaf mühitin yaradılmasıdır. Bu asan məsələ deyil ki, onu qısa şəkildə təsvir etmək mümkün olsun. Dövlət tərəfindən bir çox xərclər ödənilir, dövlət bu xərcləri qarşılamaq öhdəliyi götürüb. Eyni zamanda Təhsil Nazirliyi mərkəzi icra strukturu olaraq bu istiqamətdə vətəndaşlarla əməkdaşlığın çox açıq şəkildə həyata keçirilməsində maraqlı olmasını dəfələrlə bəyan edib. Bu prosesdə yalnız Təhsil Nazirliyinin səyi nəticəsində məktəblərdə müəyyən vəsaitlər yığılmasının qarşısının alınmasını gözləmək kimi birtərəfli baxışla səmərəliliyin olması mümkün deyil. Burada əsas məsələ ondan ibarətdir ki, valideynlər Təhsil Nazirliyinin, Təhsil Nazirliyi də valideynlərin yanında olmalıdır. Valideynlər öz məsuliyyətlərini başa düşməlidirlər ki, əgər hər hansı bir qeyri-qanuni formada onlardan müəyyən fond pulu, yaxud vəsait tələb olunursa, onlar öz adlarını göstərməklə anonim olmadan Təhsil Nazirliyinə müraciət etməlidirlər. Təhsil Nazirliyi bu şikayətlər əsasında məsələləri araşdıra bilir".