Məlum olduğu kimi əvvəllər ölkəmizdə milli valyuta kursunun müəyyən olunmasında bivalyuta səbətindən istifadə olunurdu. Sonradan dollar kursuna keçilsə də, dollarla avro arasındakı nüfuz davası ilə, bu valyutaların tez-tez dəyərinin dəyişməsi ilə əlaqəli olaraq yenidən bəzi dünya ölkələri bivalyuta səbətinə qayıdıblar. Azərbaycan da qeyd olunduğu kimi əvvəl bivalyuta səbətinə əsaslansa da, sonradan Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə, ölkədə məzənnə siyasəti bivalyuta prinsipi əsasında deyil, dollar-manat məzənnəsinin ikitərəfli hədəflənməsi prinsipi əsasında quruldu. İndi bir çox ölkələr kimi, Azərbaycanın da bu sistemə qayıtması təklif olunur. İqtisadçı ekspertlər Movqe.az-a açıqlamalarında bunun müsbət bir addım olacağını bildiriblər.
Bivalyuta səbətinin milli valyutanı qorumağa və qlobal valyuta bazarındakı dəyişikliklərdən siğortalamağa imkan verəcəyini deyən Vüqar Bayramov bu addımın atılmasının manatın dönərliyini də artıracağını bildirdi: "Nəinki Avropada, eyni zamanda keçmiş SSRİ-nin əksər ölkələrində milli valyutanın müəyyən olunmasında bivalyuta səbətindən istifadə olunur. Təbii ki, bu, regional şəkildə ona görə vacibdir ki, bu səbət milli valyutanı qorumağa və milli valyutanı qlobal valyuta bazarındakı dəyişikliklərdən siğortalamağa imkan verir. Bu baxımdan, Azərbaycanda da uyğun addımlar atılmasına ehtiyac var. Əvvəla belə bir qərarın qəbul edilməsi manatın dollardan birbaşa asılılığının aradan qaldırılmasına imkan verəcək və eyni zamanda manatın məzənnəsinin müəyyənləşməsinin şaxələnməsinə şərait yaranacaq. Nəzərə almaq lazımdır ki, avro da dünyada önəmli valyutadır, son aylar avronun məzənnəsinin artması müşahidə olunur. Bu manatın daha dönərli, daha siğortalanmış, xarici faktorlardan daha az asılı olaraq müəyyənləşməsinə gətirib çıxaracaq və bu zaman manatın məzənnəsinin real bazardakı məzənnəyə və dəyişikliklərə uyğun olaraq müəyyənləşməsi baş verəcək. Bu səbəbdən mən də manatın məzənnəsinin səbət şəklində birinci mərhələdə dollarla avroya nisbətən formalaşmasının, müəyyənləşməsinin tərəfdarıyam. Bu zaman artıq manat yalnız dollardakı deyil, avrodakı dəyişiklikləri də özündə əks elətdirəcək. Və bu manata daha dönərli olmasına və eyni zamanda məzənnəsinin daha real olmasına imkan yaradacaq".
Samir Əliyev isə bivalyuta səbəti ilə manatın real kursunun müəyyən oluna biləcəyini və manatın kursunun sabit saxlanmasına imkan yaranacağını bildirib: "Azərbaycanda bivalyuta səbətindən istifadə olunsa da, 2-3 il bundan qabaq imtina edildi. Bizdə milli valyuta dollar və avrodan ibarət idi. 90% dolların, 10% isə avronun payına düşürdü. Bu o deməkdir ki, dünya bazarında dolların kursunun dəyişməsi Azərbaycanın milli valyutasına daha çox təsir göstərirdi. Amma bizim hökümət bundan imtina elədi. Bu, mənim fikrimcə, onunla bağlı idi ki, həmin vaxt həssas bir dövr idi. Çünki dünya bazarında dollarla avronun kursunda kəskin dəyişikliklər, artmalar və azalmalar müşahidə olunurdu. Bir neçə ildir ki, Mərkəzi Bank əsas priotetinin manatın kursunun saxlanması olduğunu elan edir. Onlar bilirlər ki, manatın kursunun saxlanması çox çətin olacaq. Çünki, manatın kursunun saxlanması üçün həm dollar bazarına, həm də avro bazarına nəzarət etmək lazımdır. Burda söhbət əlbəttə ki, həm dünyadan, həm də Azərbaycandan gedir. Ona görə də, valyutanın müəyyənləşdirilməsində birbaşa dollara əsaslanıldı. Bu o deməkdir ki, manatın kursu dolların kursu hesabına müəyyən olunur. Digər valyutalar olan avro, ingilis funt sterlinqi və ya rus rublu əsas götürülmür. Buna görə də Mərkəzi Bank milli valyutanı dollar əsasında tənzimləməyə başladı və bu gün də göründüyü kimi, cüzi də olsa manatın məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. Avronun dəyəri isə tez-tez dəyişir. Bir də görürsən ki, kəskin şəkildə artır, ya da ucuzlaşır. Dünya iqtisadiyyatı dollar üzərində qurulubdur və Azərbaycanda da bu hal təbiidir. Çünki neft dünyaya dollarla satılır. Ona görə də, məncə, bizdə bivalyuta səbətinin bərpa edilməsi müsbət addım olardı. Bununla Mərkəzi Bank manatın real kursunu müəyyən edə bilər. Həm də ki, bu yolla Azərbaycan manatının kursunun sabit saxlanmasını təmin etmək olar".