İran parlamentinin daha 18 üzvü istefa ərizəsi yazıb

12 Dekabr 2013 14:28 (UTC+04:00)

İran parlamentinin daha 18 üzvü istefa ərizəsi yazıb.APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentində Əhvaz şəhərini təmsil edən deputat Şərif Hüseyni açıqlama verib.

Onun sözlərinə görə, İranın Xuzistan vilayətini təmsil edən 18 millət vəkili öz istefa ərizələrini ölkə parlamentinin rəyasət heyətinə təqdim ediblər: "Biz hamımız 2014-cü ilin dövlət büdcəsi layihəsində İranın Xuzistan vilayətinə ayrılmış maliyyə vəsaitindən narazıyıq və ona yenidən baxılmasını istəyirik. Biz Xuzistan vilayətinə ikiqat zülm verilməsi səbəbindən istefa verdik. Hökumət bu vilayətin poladının satışı hesabına layihələrin büdcəsini, məsələn, Tehran-Şimal avtobanını və Porən metrosunun büdcəsini təmin edir. Bundan əlavə, hökumətin Karun çayının qollarının suyunun köçürülməsinə laqeyd qalması da istefamızın əsas səbəblərindəndir".

Qeyd edək ki, İranın Loristan vilayətin 9 deputatından 7-si də bu vilayətə ayrılmış maliyyə vəsaitinin azlığına etiraz olaraq istefa ərizələrini ölkə parlamentinin rəyasət heyətinə təqdim ediblər. Bundan əlavə, İranın Mazandaran vilayətinin deputatları 2014-cü ilin büdcə layihəsinə etiraz olaraq prezident Həsən Ruhaniyə məktub yazıblar.