Azərbaycanda baş verən ağır yol qəzasında ana və azyaşlı qızı ölüb, daha bir nəfər xəsarət alıb

12 Dekabr 2013 22:10 (UTC+04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 80-ci km-də, Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhəri Sabunçu rayon sakini, 1959-cu il təvəllüdlü Davudov Azər Hüseyn oğlu idarə etdiyi "Nissan Xterra" markalı, 90 SA 548 nişan dövlət nömrəli avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Azər Davudov xəsarət almasa da, avtomobildə olan həyat yoldaşı, 1966-cı il təvəllüdlü Davudova Gülcöhrə Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan digər sərnişinlər, Zaqatala şəhərində doğulan, hazırda Bakı şəhərində yaşayan, 1969-cu il təvəllüdlü İbrahimova Nərgiz Rafiq qızı və onun azyaşlı övladı, 2008-ci il təvəllüdlü İbrahimova Firuzə İlham qızı isə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçiniblər.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, qəzada ölən Nərgiz İbrahimova bu gün səhər saatlarında Zaqatala rayonunun Qımır kəndində ölən atası Rafiq Xamməmmədovun dəfn mərasimində iştirak etmək üçün rayona gəlirmiş.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.