Miqrantlar üçün Rusiyada daha ağır günlər başlanır

13 Dekabr 2013 07:39 (UTC+04:00)

Şimal qonşumuzda miqrantların durumu getdikcə pisləşir. Qanunvericilik səviyyəsində miqrantlara qarşı daha sərt addımlar atılmasına start verilir. Artıq məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət ünvanlayıb.

Müraciətində bır sıra məsələlərlə yanaşı, miqrantlarla bağlı problemlərə toxunan prezident bəzi təkliflər səsləndirib. O, qanunları pozan miqrantlara tətbiq edilən qadağa müddətinin 10 ilə qədər artırılmasının istəyib. Putinin fikrincə, bu, miqrasiya qanunvericiliyinə əməl edilməsi sahəsində ciddi irəliləyiş əldə edilməsinə səbəb ola bilər. Xatırladaq ki, hazırda bu qadağa 3 ildir.

Bu arada isə qeydiyyatsız yaşamağa görə cərimələrin sərtləşdirilməsi və saxta qeydiyyata görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi parlamentin ikinci oxunuşuna çıxarılıb. Sənədə əsasən, vətəndaşlığından asılı olmayaraq 90 gün ərzində qeydiyyatdan keçməyənlərə, eləcə də tələb edildiyi təqdirdə pasportu təqdim edə bilməyənlərə qarşı təqribən 60-90 ABŞ dollarlıq cərimə tətbiq ediləcək. Ev sahibləri daha sərt cəza ilə üzləşirlər: Bilərəkdən saxta məlumat və sənədlər əsasında kirayəçiləri qeydiyyatdan keçirən ev sahiblərinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi təklif olunur.

Eyni zamanda, Dövlət Duması rəsmiləri eyni ünvanda bir neçə sakinin qeydiyyata düşməsi hallarına görə "rezin mənzillər"ə qarşı fevral ayından hazır olan qanun layihəsinin müzakirəyə təqdim olunduğunu bildirib. Yeni qanun əleyhdarları hesab edirlər ki, yeni təkliflər insanların yer dəyişmək haqqını məhdudlaşdırmaqla yanaşı, qeyri-leqal miqrasiya problemini həll etmir. Rusiya Elmlər Akademiyasının beynəlxalq iqtisadiyyat məsələləri üzrə İMEMO institutunun direktor müavini Yevgeni Qontmaxer isə BBS-yə açıqlamasında məsələ ilə bağlı bildirib: "Mən burda miqrantlara qarşı qlobal təhlükə görmürəm, onlar çevikdirlər və qanunu yan keçmək yolunu asan tapacaqlar. Həm də bizdə mövcud olan korrupsiya hər-hansı yoxlanışdan yaxa qurtarmağa imkan verir". Azərbaycanlıları birləşdirən diaspora təşkilatının nümayəndəsi Rafael Babayev qaydaların sərtləşdiriməsinin azərbaycanılara o qədər də təsiri olmayacağını deyib: "Azərbaycanlılar boş yerə gəlmir və çoxlarının Rusiyada kök salmış qohum-əqrəbalari var. Üstəlik, Azərbaycandan gələnlər başqaları ilə müqayisədə rus dilini bu və ya digər dərəcədə bilir və bu ünsiyyət çətinliklərilə üzləşmirlər". Onun sözlərinə görə, Rusiyada yaşayanlar üçün daha bir problem mövcuddur ki, bu diqqətdən kənarda qalır: "İnzibati pozuntuya görə iki dəfə cərimə ödəyən adamın adı Rusiyaya girişi yasaqlanan şəxslərin siyahısına salınır. Belə bir halda Azərbaycana gedib qayıdandan sonra həmin şəxs ölkəyə buraxılmaya bilər".

Xatırladaq ki, indiyədək 3 aya qədər müddət ərzində qeydiyyatsız yaşamaq inzibati qanun pozuntusu kimi cəriməni, saxta sənədlərlə qeydiyyatdan keçmək isə həbs cəzasını nəzərdə tutub.

Qanun qeydiyyatın yoxlanılması ilə kimin məşğul olacağı barədə məlumat vermir.

Başqa bir regionda yaşayan Rusiya vətəndaşının 3 aydan artıq müddət ərzində qeydiyyatsız yaşamasını nəzəri cəhətdən sübuta yetirmək mümkün olsa da, bu, uzun və qeyri-səmərəli işdir.

Buna görə polislər xüsusi bir zərürət yaranmasa bu işə qoşulmaqla özlərinə əziyyət vermək istəmirlər.

Bu arada miqrantlara qarşı atılan daha bir addım kvota ilə bağlıdır. 2014-cü ildə 95 min 880 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır. Moskva şəhəri üçün müəyyənləşdirlimiş maksimum kvotaya görə, burada 7 min miqranta yaşamağa icazə veriləcək.