Qış aylarının dirçəltdiyi xəstəlik
13 Dekabr 2013 19:27 (UTC+04:00)
Qış ayları həm də xəstəliklərin daha da artmasına,
olan xəstəliklərin şiddətlənməsinə səbəb olur. Bu aylarda hər hansı
bir xəstəliyi olan insan xüsusən diqqətli olmalı, vəziyyətin
ağırlaşmaması üçün narahatedici faktorlardan uzaq
durmalıdır.
Qışın təsir etdiyi, şiddətləndirdiyi
xəstəliklərdən biri də astmadır. El arasında boğulma kimi tanınan
bu xəstəlik yaşından asılı olmayaraq bütün insanlarda görünə bilir.
Ağırlıq dərəcəsindən asılı olaraq kimi xəstələr sadəcə, onlara pis
təsir edən faktorlardan uzaq durur, bəzi insanlar isə
ağırlaşmaların qarşısını ala bilmədiyi üçün dərmanlara üz tutur.
Cəmiyyətdə, xüsusən uşaqlar arasında geniş yayılan bu xəstəlik
böyüklərin 5, uşaqların 10%-ni təşkil edir. Əsasını allergik
reaksiyalar təşkil edən astma xəstəliyi irsi olaraq da keçə bilir.
Valideynlərindən hər hansı birinin astmadan əziyyət çəkən uşağın da
gələcəkdə bu xəstəliyə tutulma riski çox
böyükdür.
Aldığımız nəfəs bronxlar vasitəsilə ağciyərə
ötürülür. Ətraf mühitdən gələn hər hansı bir təsir nəticəsində
bronxlar sıxılmağa, daralmağa başlayır ki, bu da nəfəs alıb-verməyi
çətinləşdirir. Hava yollarının daralmasına sadəcə bronxlar deyil,
eyni zamanda bronxətrafı zərin şişməsi də səbəb ola bilir. Astma
xəstəliyindən əziyyət çəkən insanların özlərinə məxsus həssas
olduqları faktorlar var ki, məhz həmin faktorlara məruz qalındığı
zaman boğulmalar artar və müdaxilə olunmadığında vəziyyət daha da
ağırlaşa bilər.
Həkim-pulmonoloq Manaf Cabbarovun sözlərinə görə,
astma çox ciddi bir xəstəlikdir və müalicəsinə nə qədər tez
başlanılsa, bir o qədər yaxşıdır. Bu xəstəlik nadir hallarda
tamamilə aradan qaldırılır: "Astma xəstəliyinin beynəlxalq
Ümumdünya Səhiyyə Təşkilatının protokollarına uyğun standart
müalicəsi var. Müalicənin də xüsusi kriteriyaları var. Müalicə
uzunmüddətlidir və arada boşluq verilmədən davam etdirilməlidir.
Xəstənin astmasının əmələ gəlmə səbəbi və dərəcəsi
müəyyənləşdirilir. Bronxial astmaya diaqnoz qoymaq o qədər də asan
deyil. Bu xəstəliyi yalnız xüsusi hazırlığı olan allerqoloqlar
müalicə edə bilərlər. Astma göstəriciləri olan uşaq astma olmaya da
bilər. Virusların törətdiyi bir çox xəstəliklər var ki, onlar
bronxların şişməsinə, eynilə astmadakı simptomların ortaya
çıxmasına səbəb olur. Buna görə də, bu gün uşaqlar arasında
abstruktiv bronxitlər geniş yayılıb. Təəssüf ki, həkimlərimiz bəzi
hallarda bronxial astmanı virusların yaratdığı xəstəliklərdən ayıra
bilmirlər. Bu isə xəstəliyin daha çox ağırlaşmasına səbəb
olur".
Xüsusən qış aylarında xəstəliyin kəskinləşdiyini
deyən pulmonoloq qeyd edir ki, çox soyuq, rütubətli iqlim də
xəstəliyin yaranmasına və var olan xəstəliyin şiddətlənməsinə səbəb
olur. Bundan başqa, ekoloji vəziyyət də mühüm amillərdəndir. Son
dövrlər atmosferin zərərli tullantılarla, müxtəlif kimyəvi
maddələrlə daha çox çirklənməsi astma xəstəliyinin artmasına
gətirib çıxarır: "Yay ayları ilə müqayisədə qışda uşaqlar daha çox
qapalı məkanlarda saxlanılır, soyuqdan
qorunurlar.
Lakin nəzərə almaq lazımdır ki, evdə bir çox
faktorlar var ki, məhz astmanın daha da şiddətlənməsinə - məsələn,
evin havasını dəyişdirməmək, hava isti olsun deyə daim evdə qaz
sobalarından istifadə etmək, ev şəraitində böyüklərin siqaret
çəkməsi, yağış, qar kimi təbiət hadisələrində rütubətin daha da
artması - səbəb olur. Xüsusən kif göbələyinə qarşı həssas olan
uşaqlar belə aylarda havada çox gəzdirilməməli, quru şəraitdə
saxlanılmalıdırlar. Evdə yemək bişirmək, su qaynatmaq, hamam buxarı
və bu kimi buxaryaradıcı amillər evin daxilində kif sporlarını
artırır və bu da uşaqların nəfəs yollarını qıcıqlandıra
bilir".
Soyuqdəymə və respirator virus infeksiyaları da
bronxial astma tutmalarını törədə bilər. Bu əsasən uşaqlarda baş
verir. KRVİ üçün məqbul hesab edilən profilaktik vasitələrdən
istifadə etmək, bədəni möhkəmlətmək, orta ağır və ağır astma ilə
xəstələnənlərə hər il qrip əleyhinə profilaktik peyvənd etmək
lazımdır. Əvvəllər həkimlər astmanı perspektivsiz xəstəlik hesab
edirdilər. Həkimlər ən yaxşı halda xəstəni boğulmalardan xilas edə
bilirdilər. İndisə vəziyyət dəyişib. Təbabətin inkişafı astmaya
tutulmuş xəstələrin vəziyyətini yaxşılaşdırmağa imkan verir.
Alimlərin araşdırması həftədə ən azı 3 hamburger yeyən uşaqlarda
astma xəstəliyinə daha tez-tez rast gəlindiyini göstərib. Alman,
ingilis və ispan alimlər qrupunun 50 000 uşaq üzərində apardıqları
araşdırma bu faktı tam təsdiqləyib. Yaşı 8-12 arasında olan
uşaqlarda astma xəstəliyinə tutulanların əksəriyyətinin hamburger
düşkünü olduğu müəyyən edilib.
M.Cabbarovun sözlərinə görə, astma xəstəliyi üçün
iki tip dərmanlar mövcuddur. Birincisi qoruyucu, ikincisi
rahatladıcı. Rahatladıcı preparatlar astma boğulmaları zamanı
vəziyyəti yüngülləşdirir, boğulmanı aradan qaldırır, rahat nəfəs
alıb-verilməsini qaydaya salır. Qoruyucu preparatlar isə müalicə
zamanı istifadə olunur: "Müalicə əgər uzun bir müddət davam edirsə,
xəstə özünü yaxşı hiss edirsə, müalicəni özbaşına dayandırmaq
olmaz. Həkim nəzarəti altında dərman dozalarını azaltmaq lazımdır.
Bu dərmanları antibiotiklərlə, bəlğəm yumşaldıcı siroplarla
əvəzləmək olmaz, çünki bu sadalananlar astmanı sağalmaq bir yana,
boğulmaların qarşısını belə ala bilməz. Odur ki, xəstə özünü yaxşı
hiss etdiyi, boğulmaları azaldığı zamanlarda belə dərman
müalicəsini də saxlamamalıdır".
Ekspress.az