Özəl xəstəxanaların pasientlərə yaratdığı böyük diaqnoz problemi

14 Dekabr 2013 07:21 (UTC+04:00)

Müxtəlif klinikalara üz tutan pasientlərə fərqli diaqnoz qoyulması və onların burada verdikləri analizlərin cavablarının da biri-birindən fərqlənməsi hallarına çoxlarımız rast gəlirik. Bəzən olur ki, bir özəl klinikada qoyulan diaqnoz digərinki ilə daban-dabana ziddiyyət təşkil edir. Bundan isə pasient əziyyət çəkir və çox hallarda böyük miqdarda maddi ziyana da düşür. Klinikaların fərqli diaqnozuna görə səhhəti ilə bağlı əlavə problemlərlə üzləşənlərin də sayı az deyil.

Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev bununla bağlı bildirdi ki, kliniklarda fərqli diaqnozların olmasının bir çox səbəbləri var: "Bu, həkim peşəkarlığı ilə də ölçülə bilər. Həmçinin burada daha çox pul qazanmaq üçün qeyri-sağlamlıq biznes maraqları da istisna edilmir. Təəssüflər olsun ki, özəl klinkalarda belə hallarla tez-tez rastlaşırıq. Bunun aradan qaldırılması üçün ən vacib yol, Səhiyyə Nazirliyi tərəfindən standart müayinə və müalicə protokolların hazırlanmasıdır. Həmin protokollar əsasında bütün klinikalarda eyni yanaşma tərzi olmalıdır. Bundan başqa, səhiyyə nazirliyi tərəfindən vaxtaşırı müşahidələr aparılmalı, klinikaların fəaliyyətləri yoxlanılmalıdır. Həm də gərək burada hər bir vətəndaş fəal olsun. Vətəndaşlarda ictimai fəallıq lazımdır ki, uğurlu olmayan diaqnoz, müalicə barədə müvafiq orqanlara məlumat versinlər. Vətəndaş aktivliyini artırmasaq, birtərəfli qaydada problemi aradan qaldırmaq olmayacaq".

Millət vəkili qeyd etdi ki, hələlik "Pasientlərin hüquqları haqqında" qanunun olmaması Azərbaycanda pasientin hüquqlarının qorunmaması anlamına gəlmir: "Əhalinin sağlamlığı haqqında" qanunda bir fəsil buna aid olunub və bütün müddəalar öz əksini tapıb. Yəni, "Pasientlərin hüquqları haqqında" qanun qəbul olunanda həmin fəsilə istinad ediləcək. Amma hazırda ölkəmizdə pasientin hüquqları qorunur. Sadəcə onu dərindən öyrənmək lazımdır. İstənilən pasientin istənilən klinkanı seçmək, öz xəstəliyi barədə bütün məlumatları almaq, istənilən halda xəstəliyi haqqında məlumatların başqa şəxslərə verilməməsini istəməyi, müalicə və diaqnostika prosesində özünün iştirakanı tələb etmək, müayinə və müalicədən narazı qaldığı halda şikayət etmək kimi bir çox hüquqları var. Sadəcə vətəndaşlar bunları dərindən bilməlidirlər".

Tibb məsələləri üzrə ekspert, professor Adil Qeybulla ilk öncə fərqli qiymətlərə toxundu: "Hər bir özəl klinika kommersiya təyinatlı tibb müəssisəsidir. Qiymətləri kənarda tənzimlənə bilməz. Azad iqtisadiyyatın qanunlarına, mütəxəssis təminatına uyğun qiymətlər klinikalarda fərqli ola bilər. Bu da əsasən mütəxəssislərlə bağlıdır. Diaqnozlarda xətalar düyanın hər yerində ola bilər. Amma ciddi xətalar, çox fərqli diaqnozlar klinikaların ixtisaslaşması ilə bağlı olan məsələdir. Ölkəmizdə bu cür məsələlər olduqca ciddi araşdırılır və müvafiq tədbirlər görülür. Adətən, vətəndaşlar çox vaxt müvafiq yerlərə müraciət etməyi lazım bilmirlər. Ona görə də şikayətlər daha çox şayələr şəklində yayılır. Amma şikayətlər əsasında hər bir hal ayrı-ayrılıqda araşdırılmalıdır".

Adil Qeybullanın fikrincə, tibbi sığorta, həkimlərin maaşı işə adekvat olmadan "Pasientlərin hüquqları haqqında" qanun əslində pasientin özünün ziyanına olan bir amildir: "Əgər biz hər iş adekvat olmasını istəyiriksə, o halda həkimlərin normal gəlirləri olmalıdır. Həkimlərin bu maaşı fonunda "Pasientlərin hüquqları haqqında" qanundan söhbət gedə bilməz".