Azərbaycandan dünyaya “Eurovision” dərsi

30 May 2012 14:22 (UTC+04:00)

Bakıda keçirilmiş "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi bütün dünyanın diqqətini cəlb etdi. Bu fikirlər Türkiyənin nüfuzlu "Sabah" qəzetində öz əksini tapıb.

Qəzetin şərhçisi Bilgi Eser özünün "Məni fəth etmiş müsabiqə" adlı məqaləsində yazır ki, Azərbaycan müsabiqənin təşkili üzrə valehedici bacarıqlarını nümayiş etdirib.

"Bu günlərdə Azərbaycan "Eurovision" ilə yaşayırdı. Burada bütün tele və radioverilişlər, küçələr bu müsabiqəni xatırladırdı. Möhtəşəm Baku "Crystall Hall"-da iştirakçıların konsertinə bilet almayan insanlar müsabiqəni şəhərin müxtəlif nöqtələrindən izləyirdilər", - deyə, o qeyd edir.

Sonra müəllif öz məqaləsində Azərbaycanın müsabiqədəki iştirakçısı Səbinə Babayeva və türk ifaçı Can Bonomonun çıxışına diqqət ayırıb.

"Bütün bu ifaçıları ayaq üstə alqışladılar. Bayraqlar, sürəkli alqışlar, sevinc - hamısı bir araya toplaşmışdı. C.Bonomo qalib olmasa da, mənim ürəyimdə və azərbaycanlıların qəlbində məhz o qalib oldu", - deyə məqalə müəllifi yazır.

Müəllif qeyd edir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla Müsabiqənin keçirilməsi üzrə Təşkilat Komitəsi böyük iş gördü.

"Hamı bu möhtəşəm şoudan danışırdı və belə bir şounun hələ görünmədiyini qeyd edirdilər. Azərbaycan təkcə Avropada deyil, həm də bütün dünyada ölkənin təbliğatı üzrə üstünlükdən çox yaxşı istifadə etdi və gələcəkdə möhtəşəm beynəlxalq idman yarışlarının keçirilməsi üçün yaxşı şans qazandı", - deyə məqalə müəllifi bildirib.