Azərbaycan və Böyük Britaniyanın xarici işlər nazirləri görüşdü
17 Dekabr 2013 19:20 (UTC+04:00)
Azərbaycan və Böyük Britaniyanın XİN rəhbərləri
Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. ANS PRESS-in Xarici
İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir
Elmar Məmmədyarov "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya
qərarının imzalanması mərasimində iştirak etmək üçün Azərbaycanda
səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Krallığının xarici
işlər naziri Uilyam Heyq ilə işçi nahar əsnasında
görüşüb.
Nahar ətrafında Azərbaycan ilə Böyük Britaniya
arasında enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla
inkişaf etməsi, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya
qərarının imzalanması, Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında rolu və Azərbaycanın Aİ ilə
əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə
edilib.
Uilyam Heyq "Şahdəniz-2" layihəsi üzrə yekun
investisiya qərarının imzalanması münasibətilə Azərbaycanı təbrik
edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına,
xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına göstərdiyi dəstəyinin
yüksək qiymətləndirildiyini bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə
danışıqlar prosesi barəsində məlumat verən nazir Elmar Məmmədyarov,
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan
ərazilərində qalmasının regionun təhlükəsizliyinə başlıca təhdid
olduğunu bildirib.
Görüşdə beynəlxalq və regional proseslər ətrafında
fikir mübadiləsi aparılıb.