2013-cü ilin iyun-oktyabr aylarında Türkiyədən Suriyaya silah-sursat göndərilməyib. RİA Novosti-nin xəbərinə görə, bu müddət ərzində Suriyaya yalnız idman tapançaları və ov tüfəngləri ötürülüb.
Dekabrın 16-da "Hurriyet Daily News" qəzeti BMT sənədlərinə əsaslanaraq xəbər verib ki, Türkiyə bu ilin əvvəlindən başlayaraq Suriya müxalifətinə hökumət ordusuna qarşı istifadə üçün 47 ton silah-sursat göndərib.
Türkiyə XİN-in mətbuat katibi Ləvənt Gümrükçü isə RİA Novosti agentliyinə bildirib ki, hökumət rəsmi surətdə Suriyaya heç bir silah-sursat ötürməyib, söhbət yalnız fərdi ixrac sazişlərindən gedə bilər.
Türkiyənin Ticarət və Gömrük Nazirliyinin yaydığı məlumatda da deyilir ki, 2013-cü ilin iyunundan oktyabrına kimi Suriyaya həyata keçirilən ixrac tam şəkildə "Ov tüfəngləri və idman tapançaları" gömrük tarifləri məcəlləsinə aiddir. Gömrük sənədlərində ixrac əməliyyatları zamanı digər silahlar (hərbi silah, pnevmatik və qaz tapançaları, ehtiyat hissələri və döyüş sursatı) göstərilməyib.
Keçirilmiş yoxlama nəticəsində müəyyən edilib ki, qeyd olunan müddətdə Suriyaya 1,578 ABŞ dolları həcmində 74 ton yivsiz lüləli tüfəng və idman tapançası ixrac edilib. Nazirliyin məlumatına görə, ümumən gömrüyə 18 ixrac bəyannaməsi təqdim olunub. Yüklər Suriyada yaşayan 4 şəxsə ünvanlanıb.
Türkiyənin Ticarət və Gömrük Nazirliyi gömrük nəzarəti zamanı yüklərin lazımı qaydada yoxlamadan keçirilmədiyi haqqında ehtimalları isə təkzib edib. "Bütün yüklər, müfəssəl gözdən keçirmə və rentgen daxil olmaqla, ən yüksək yoxlama dərəcəsini nəzərdə tutan "Qırmızı xətt" rejimində yoxlanılıb", - deyə nazirlikdən bildirilib.