Qızıl bazarında maraqlı proseslər başlandı

17 Dekabr 2013 17:47 (UTC+04:00)

Hesablamalar göstərir ki, son 1 ildə qızılın qiyməti rekord səviyyədə, təxminən  28 faiz azalıb. Qiymətli metal 2013-cü ilin ikinci yarısında 17 faiz ucuzlaşıb. Belə vəziyyət banklarda qızıl depozitlərə də təsir edir. Xatırladaq ki, bu xidmət  bank müştərilərinə virtual şəkildə, yəni qızılı fiziki şəkildə almadan qızılda əmanət yerləşdirməyə imkan verir. Lakin qızılın ucuzlaşması belə depozitlərə marağı kəskin azaldır. 

Bunun bank sektorunda hansı dəyişikliklərə səbəb ola biləcəyi haqda eskpertlər Movqe.az-a danışıblar. 


"Güzəran" İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Qadir İbrahimli bu halın bank sektorunda ciddi dəyişikliklərə yol açmayacağının düşünür: "Düşünürəm ki, bu tendensiya, qızılın qiymətinin düşməsi ilə bağlı olaraq qızıl depozitlərinin azalması Azərbaycanın bank sektorunda ciddi dəyişikliklərə səbəb olmayacaq. Çünki Azərbaycanda qızıl yığımı ilə ayrı-ayrı şəxlər məşğul olurlar və depozit yığımında bir qayda olaraq şəxsi girova daha çox üstünlük verilir. Ona görə də, qızılın ucuzlaşması ciddi problemlərə, dəyişikliklərə gətirib çıxarmayacaq". 

Azərbaycanda qızıl depozitinin çəkisinin o qədər də yüksək olmadığını deyən digər iqtisadçı-ekspert Məhəmməd Talıblı da qızılın dəyərdən düşməsi nəticəsində azalan qızıl depozitlərinin bank sektoruna ciddi ziyan vurmayacağını bildirdi: "Azərbaycanda qızıla olan depozitin çəkisi o qədər də yüksək deyil. Bir çox hallarda depozit olaraq qızıl qəbul olunsa da, eyni zamanda bizdə depozit kimi əhalinin pul gəlirləri əsas götürülür. Yəni, konkret olaraq əhali öz depozitlərini kommersiya banklarında  milli valyuta ilə yerləşdirir və nəticədə depozit gəlirləri əldə edir. Amma ümumilikdə baxanda, qızılın qiymətinin qalxması da, enməsi də epizodik bir haldır və heç vaxt uzunmüddətli bir zaman kəsiyini əhatə etmir. Hansı bir zaman kəsiyi üçün dünya borsalarında qiymətlərin düşməsi və qalxması ümumiyyətlə belə qiymət dalğalanmaları təbiidir. Qiymətlərin dalğalanması fonunda sadəcə olaraq, ölkədə vətəndaşlar öz yığımlarının bir qisminin qızılın qiymətinə uyğun olaraq müəyyənləşdirirlər. Belə ki, dünyada qızılın qiyməti əlverişli olursa, onlar öz yığımlarının qızılla aparırlar. Qiymətlər düşəndə, əlbəttə ki, qızıla tələb də formalaşır. Amma bu ölkənin bütün əhali qrupları üçün keçərli deyil. Bu, iqtisadi fəaliyyətlə məşğul olan kommersiya bankları, ümumiyyətlə isə, ayrı-ayrı şəxslər tərəfindən də aparıla bilər. Həmin şəxslər daha çox uzaqgörənlik nümayiş etdirərək belə bir dövr yarananda, qiymət ucuzlaşanda öz gəlirlərini qızıla yönəldirlər və bura pul yatırırlar.  Ona görə də, Azərbaycanda əhalinin qızıla tələbinin formalaşmasında, təbii ki, dünyadakı qızılın qiymətini də mühüm rol oynayır. Amma eyni zamanda gəlin razılaşaq ki,  bizdə əhali öz əmanətlərini kommersiya banklarına depozit olaraq əksər hallarda qızıldan daha çox milli manatla yerləşdirirlər. Ona görə də, qızılın qiymətinin dəyişməsi bizim vətəndaşlar üçün şəxsi gəlirlərin formalaşması baxımından, vətəndaşların daha çox özlərinin qızıl yığımının aparılması baxımından daha çox vacib olur". 

Qızıl dəyərdən düşsə də, nədənsə Azərbaycan bazarında zinət əşyalarının ucuzlaşması müşahidə olunmur. İqtisadçı-ekspert Qadir İbrahimli bunun zamanla bağlı bir prosses olduğunu bildirdi: "Qızılın külçəsinə görə qiymətinin düşməsi ilə bağlı olaraq zinət əşyalarının qiymətinin niyə ucuzlaşmaması məsələsinə gəlincə isə, bu zamanla bağlı bir prosesdir. Qızılın külçə halında ucuzlaşması o demək deyil ki, zinət əşyaları da ona uyğun olaraq dərhal ucuzlaşmalıdır. Çünki, emal olunmuş zərgərlik məhsulları köhnə qiymətlərlə alınıb. Onlar satılmalıdır ki, yenidən ucuzlaşma baş versin. Ucuz qiymətlə alınmalıdır ki, ona uyğun olaraq da satılsın".

Məhəmməd Talıblı isə saytımıza verdiyi açıqlamada insanların ehtiyac olmadıqca qızıl bazarına daxil olmadığı səbəbindən zərgərlərin də qiymət düşümündə də maraqlı olmadığını söylədi: "Bizdə zinət əşyalarının qiymətinin aşağı salınmamasının səbəbi onunla bağlıdır ki, bizdə qızıl sənayesində idarəetmə qiymətlərin diqtə olunması əsasında aparılır və Azərbaycana demək olar ki, eyni şəxslər tərəfindən gətirilən qızılın qiymətinin müəyyən olunması da həmin şəxslər tərəfindən aparılır. Yəni külçə şəklində ölkəyə gətirilən qızılın da və eyni zamanda onların emal müəssisələrinə ötürülməsi də həmin qiymətlərlə baş verir. Ona görə də, əhali qızılın qiymətinin enməsinə bir o qədər də ciddi yanaşmır. Bunun başqa səbəbi də onunla bağlıdır ki, bizdə əhalinin hamısının gəlirlilik səviyyəsi yüksək olmadığı üçün lüks mallara, elitar məhsullara çıxış imkanları da bir o qədər geniş deyil. Və nəticədə vətəndaşlar üçün bəzi hallarda bahalı qızıl məhsulları almaq öz imkanları olanda mümkün olur. İnsanlar qızıl dükanlarına daha çox ehtiyac olanda, zəruri hallarda, məsələn, toy, nişan mərasimləri zamanı, yaxud da kiməsə hədiyyə alan zaman üz tuturlar. Ona görə də bizdə qızıla tələbin yaranması bir çox hallarda əhalinin gəlirlilik səviyyəsi ilə bağlı olur. Buna görə də, bizdə əhali qiymətin belə dəyişməsində və bundan yararlanaraq cəvahirat almaqda maraqlı olmur".