Uzaqmənzilli raket istehsalı gündəmə gəldi

19 Dekabr 2013 07:43 (UTC+04:00)

Dövrün döyüş tələblərində məsafədən döyüşün aparılmasının getdikcə önəmli yer tutduğunu nəzərə alsaq, günümüzdə silahlı qüvvələrin ixtiyarında uzaqmənzilli raket sistemləri vacib avadanlıqlardan hesab edilir. Ancaq bu sistem bahalı lahiyə olduğundan istehsalçısı kimi azsaylı ölkələrin adı çəkə bilərik. Ölkəmiz isə hələlik uzaqmənzilli raket kompleksi istehsal etməsə də, Türkiyədən T-300 "Qasırğa" adlı, 300 mm çaplı reaktiv və ROKETSAN istehsalı olan digər raket sistemləri alıb.

Rusiyadan da belə texnika alınıb. Ancaq ölkəmizin də silah istehsalçısı olduğunu nəzərə alsaq, uzaqmənzilli raketlərin istehsalı da gündəmə gəlir. Mütəxəssislər isə hələlik bunun tək yox, hansısa ölkə ilə birgə həyata keçirilə biləcəyini düşünürlər.

Məsələn, hərbiçi ekspert Üzeyir Cəfərov bildirir ki, uzaqmənzilli raket sisteminin istehsalı bir qədər çətin prosesdir: "Düzdür, istehsal edə bilərik. Amma onun Türkiyə və digər ölkələr səviyyəsində istehsalı Azərbaycanda mümkünsüzdür. Bu, yalnız və yalnız bir neçə ildən sonra ola bilər. Onun da bizim təcrübəli mütəffiqlərimizin köməyi ilə həyata keçiriləcəyi istisna edilmir. Çox məsuliyyətli və bahalı işdir. Ona görə də düşünmürəm ki, Azərbaycanın müdafiə sənayesi bu işin öhdəsindən tək gələ bilsin. Ancaq hazırda bu istiqamətdə hazırlıq işləri görülür".

Ekspertin fikrincə, bunun qarşsını alan amil kadrların yetərincə olmamasıdır: "Bundan başqa istehsal bazasının hələ tam hazır olmaması da sistemin yaradılmasını ləngidən amillərdən biridir. Vaxtı ilə İranın bizə müharibənin qızığın illərində satdığı bəzi silahlar bir neçə halda əsgərlərimizin özlərinə xətər yetirdi. Yəni, silahın istehsalından əvvəl mütəxəssis, bazanın hazırlığı vacibdir. Dəqiqlik isə ən önəmlidir".

Üzeyir Cəfərov sonda onu da vurğuladı ki, əslində, bu gün üçün Azərbaycanın raket istehsal etməsinə o qədər də ehtiyac yoxdur: "Uzaq vuran raketlər adətən uzaq məsafəni hədəfə almaq üçün böyük dövlətlərə lazım olur. Bizim bu gün hətta Ermənistan ərazisini hədəfə götürməyə imkanlarımız var. Hətta, artıq Azərbaycanda olan bəzi silahlarla hədəfə götürmüşük də. Həm də bir az realist olmaq lazımdır ki, raketlərin bəzi hallarda əhəmiyyəti azalıb. Ona görə də vəsaitləri başqa istiqamətə yönəltsək, yaxşı olar".

Digər hərbiçi ekspert Emin Həsənli bildirdi ki, biz müasir silah istehsal edən ölkələrdənik: "Dünyanın bir çox ölkələri ilə də müqavilələrimiz var. Ən müasir texnologiya Azərbaycana gətirilir. Ölkəmiz isə milli maraqlarına uyğun müasir silahlar istehsal edir. Hətta, onun ixracı da nəzərdə tutulur. Yəqin ki, yaxın gələcəkdə uzaqvuran raketlərin istehsalı məsələsinə də baxıla bilər. Əgər zərurət olacaqsa, Azərbaycan özü həm ixrac, həm də özümüzün istifadəsi baxımından bu silahı istehsal edəcək.

Azərbaycan həmişə sülh siyasəti aparıb. Hətta torpaqları işğala məruz qaldığı halda belə, sülhə sadiqliyini ortaya qoyub. Buna baxmayaraq, ordumuzu gücləndiririk. İqtisadi imkanlarımızı, rəqiblərimizi, mövcud şəraiti nəzərə alaraq uzaqvuran raketlərin istehsalı qərarı verilə bilər".