Abel Məhərrəmov Milli Məclisdə təmsil olunan ali məktəb rektorlarına müraciət edib

19 Dekabr 2013 13:32 (UTC+04:00)

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Milli Məclisdə təmsil olunan ali məktəb rektorlarına müraciət edib.

APA-nın xəbərinə görə, universitet rektoru Abel Məhərrəmov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında çıxışı zamanı deyib ki, millət vəkilləri doktoranturada və magistraturada təhsil alan oğlanların hərbi xidmətdən azad olunması ilə bağlı məsələni Milli Məclis qarşısında mütəmadi olaraq qaldırmalıdırlar.

Onun sözlərinə görə, oğlanların hərbi xidmətə aparılması nəticəsində bu gün elmə gələnlərin böyük əksəriyyətini qızlar təşkil edir: "Bu gün konfransın proqramına nəzər salanda da gördüm ki, 70 faiz məruzələr yenə qızlar tərəfindən olacaq. Mən etiraz etmirəm, qoy elmi qızlar davam etdirsin. Amma belə olmaz, elmdə oğlanlar da olmalıdır. Bunlara fikir vermək lazımdır".

A.Məhərrəmov qeyd edib ki, əgər XXI əsr elm və təhsil əsri adlandırılırsa, ölkədə elm inkişaf etdirmək lazımdır. Bu məsələdə ən çox məsuliyyətin gənclərin üzərinə düşdüyünü deyən rektor bildirib ki, ilk növbədə yaşlı nəsil tərəfindən estafeti necə verilməsi, digər tərəfdən isə onun gənclər tərəfindən necə qəbul edilərək inkişaf etdirilməsi barədə düşünmək lazımdır: "Bu gün ölkədə elmə münasibət çox yaxşıdır və bundan istifadə etmək lazımdır. Maddi-texniki baza gücləndirilməli, universitetlər ilk növbədə elmi mərkəz, sonra tədris müəssisəsi olmalıdır. Yuxarı kurslarda təhsil alan tələbələr tədris laboratoriyasından çıxan kimi işlərini elmi laboratoriyalarda davam etdirməlidirlər".