Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədəki xarici
dövlətlərin diplomatik nümayəndəliklərini ölkənin daxili işinə
qarışmamağa çağırıb. APA-nın Türkiyə
mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir son günlər
rüşvət qalmaqalı ətrafında yaranan hadisələrə münasibət bildirərək
qeyd edib ki, bu, beynəlxalq və daxildə olan, Türkiyənin
güclənməsini istəməyən qüvvələrin apardığı əməliyyatdır. Onun
sözlərinə görə, hüquqa əks olan bu hadisələr, öz əksini elə hüquqda
tapacaq: "Bu əməliyyat hökumətə qarşı atılmış bir addımdır. Bizim
məsələmiz hüquqi işdir. Hüquqşünasların da hüquqa hörmət etməsi
lazımdır. Əgər kənardan idarə olunaraq hərəkət etsələr, biz
siyasətçilər olaraq üzərimizə düşəni hər zaman etdik, bundan sonra
da davam edəcəyik".
R.T.Ərdoğan Türkiyədə olan səfirliklərin nümayəndələrini bu
hadisələrə müdaxilə etməməyə çağırıb: "Son günlər səfirlər bəzi
təxribat yönlü hərəkətlər edirlər. Mən onlara müraciət edirəm,
işinizi görün. Əgər vəzifə sahənizi aşarsınızsa, bu,
hökumətlərinizin səlahiyyət sahəsində olan yerə qədər gedər. Biz
sizləri ölkəmizdə tutmağa məcbur deyilik. Əgər sizin ölkələrinizdə,
bizim səfirlərimiz bu cür oyunlara qarışırsa, siz bizə xəbər verin,
sizin onları geri göndərməyinizə ehtiyac yoxdur, biz
çağırarıq".