Bazarlarda yerli kartof tapmaq getdikcə müşkülə çevrilir

24 Dekabr 2013 10:07 (UTC+04:00)

Araşdırmalar göstərir ki, bəzi regionlarda istehsal olunan kartoflar əsasən ixraca yönəlir. Belə ki, daxili bazarda Qazax, Tovuz, Şəmkir, Cəlilabad kartofuna çox az rast gəlinir. Yerli tələbat isə ən çox Gədəbəy və idxal edilmiş kartofun hesabına ödənilir. Məsələ burasındadır ki, yerlərdə istehsal edilən kartof daha çox ixraca gedir, əsas etibarı ilə də Rusiya bazarlarına çıxarılır. Nəticədə isə tələbatın tam ödənilməsi üçün xaricdən kartof idxal olunur. Lakin onun keyfiyyəti yerli məhsullaranisbətən aşağı sayılır.

Kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev bildirir ki, Azərbaycanda Aran, cənub və dağlıq ərazilərində kartof istehsalı ilə məşğul olurlar: "Bu becərmə zonalarında istehsal olunan kartofun bazara çıxma müddəti də fərqlidir. Belə ki, cənub zonasında, xüsusən də Cəlilabad rayonunda istehsal edilən kartof çox erkən bazara çıxır. Təxminən iyun ayının ortalarına qədər həmin kartof bazarda tamamilə satılır. Bu kartofun demək olar ki, əksəriyyəti ölkədən kənara, əsasən də Rusiya bazarlarına satılır. Bu məhsul faraş çıxdığından və becərmə texnologiyası üzündən o kartofu uzun müddət saxlamaq mümkün deyil. Bundan sonra bazara Tovuz, Şəmkir zonasında istehsal olunan kartof çıxmağa başlayır. Həmin kartoflar orta müddətdə bazara çıxır və qismən daxili bazarın tələbatını ödəyir. O zonada istehsal edilən kartofu əsasən yay aylarında görmək mümkündür. Payıza keçdikdə isə dağlıq ərazilərdə - Quba, Qusar, Gədəbəy, Daşkəsən zonasında istehsal olunan kartof bazara çıxır. Dağlıq ərazilərdə istehsal olunan kartofun əksəriyyəti daxili qış mövsümündə bazarda satılır. Dağlıq ərazilərdə istehsal olunan bu kartofun miqdarı heç də həmişə daxili tələbatı ödəyəcək qədər olmur. Daxili tələbat ödənilmədiyindən ölkəmizə kənardan kartof gətirilməyə başlanılır".

Ekspertin fikrincə, tələbatı daxili istehsal hesabına təmin etmək üçün ölkədə saxlama kameraları şəbəkələri var: "Ancaq bu kameralardan səmərəli istifadə olunmur. Əgər fermerlər saxlama kameralarından lazimi səviyyədə istifadə edərlərsə, istehsal olunan məhsulu saxlayaraq vegetasiyanın ikinci hissəsində və qış mövsümündə satmaqla daxili bazarı daha çox karotfla təmin etmək olar. Başqa bir üsul isə alimlərin üzərinə düşür. Elə kartof sortları yaradılmalıdır ki, onların vegetasiya müddəti daha uzun olsun. Məsələn, Tovuz-Şəmkir zonasında çıxan kartoflar bir az gec bazara çıxarılsın. Bu, daxili bazarı yerli məhsulla təmin etməkdə kömək edə bilər".

Nizami Qarayevin sözlərinə görə, Cəlilabad zonasında istehsal olunan kartofun xaricə satılması onun elə məhz xaricə satılmaq üçün istehsal edilməsi ilə bağlıdır: "Bu zaman istehsal olunan məhsul kütləvi çıxır. Həmin məhsulun hamısı daxili bazara yönələrsə, qısa müddətdə daxili bazarın o qədər məhsula ehtiyacı olmadığından daxildə qiymət kəskin düşə bilər. Ayrı-ayrı illərdə bu, müşahidə edilib. Əgər Rusiya bazarında satışla bağlı problem olursa, daxili bazarda Cəlilabadda istehsal olunan kartofun qiyməti çox aşağı düşür. Bu məhsulun miqdarının çox olması və onun ixrac üçün nəzərdə tutulması əvvəldən planlaşdırılan bir işdir. Sadəcə olaraq, orada elə kartof sortları əkilir ki, onların vegetasiya müddəti qısa olur. Təxminən bir müddət sonra həmin kartof əkiləcək və may ayının sonlarına yaxın çıxarılmağa başlayacaq".

Ekspert qeyd etdi ki, əgər istehsal olunan məhsulun ixracı məhdudlaşarsa, təklif artdığından daxili bazarda qiymətlərin düşməsi müşahidə edilə bilər: "Lakin bu, tövsiyyə ediləcək yol deyil. Belə halda fermer kifayət qədər pul qazanmadığından növbəti ildə istehsaldan imtina edə bilər. Ona görə yaxşı olar ki, məhsuldarlığın artırılması istiqamətində fermerlərə köməklik edilsin, əkin sahələri imkan daxilində genişləndirilsin".